İcra başçısı 100 yaşlı nənəni belə təbrik etdi -

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabr tarixində 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət etdi.

Yasamal RİH-dən Metbuat.az-a daxil olan məlumatda bildirilir ki, Sonaxanım nənə ilə görüşdə icra başçısı Elşad Həsənov bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara həmişə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev onların layiqli dövlət himayəsi ilə əhatə olunmasının mükəmməl nümunəsini yaradıb.

"2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır.

Yüz yaşlı Sonaxanım nənə dövlətimizin ahıl vətəndaşlara hərtərəfli himayəsinin yüksək səviyyədə həyata keçməsini təmin edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi. 1919-cu ildə doğulan Sonaxanım nənə icra başçısı Elşad Həsənovla söhbət edərkən bildirdi ki, “Sovetski” adlanan bu ərazidə, Süleyman Rəhimov küçəsi 7 nömrəli evdə dünyaya göz açmış, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçmüş və 84 ildir ki burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə bildirdi ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. “Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub. 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, 1 kötükcəsi olan Sonaxanım nənə “Qəhrəman Ana” ordeninə layiq görülmüşdür. 1956-cı ildə ömür-gün yoldaşını itirdikdən sonra, övladlarına həm ata, həm də ana olub. Nənənin gənclərə tövsiyəsi də var: “uzunömürlülüyün əsas sirri düzgün qidalanma və insanın daim hərəkətdə olmasındadır”.

Qeyd edək ki, Yasamal rayonunun 100 yaşlı ahıl sakini Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Sonaxanım nənə onu ziyarət etdikləri üçün minnətdarlığını bildirərək dövlətimizə və xalqımıza sülh, əmin-amanlıq arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR