İsrail mətbuatında yer alan xəbərə görə, İsrail Baş naziri Benjamin Netanyahu Qəzzaya yaxın bir bölgədə olan Aşkelonda partiyası "Likud" tərəfindən təşkil edilən bir mitinqə qatılıb. Mitinq zamanı Qəzzadan atıldığı deyilən raketlər səbəbi ilə Aşkelon şəhərində zənglər çalınmağa başlayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, zənglər çalındığı zaman mühafizəçilər Netanyahunu cəld mitinq salonundan çıxarıblar. Qısa müddətdən sonra Netanyahu yenidən salona qayıdıb və çıxışına davam edib. İsrail ordusundan verilən açıqlamada raketin Qəzza tərəfindən atıldığı və "Dəmir Qübbə" hava müdafiə sistemi tərəfindən havada zərərsizləşdirildiyi bildirilib.
Qeyd edək ki, Netanyahu daha öncə də bu cür halla qarşı-qarşıya qalmışdı. Belə ki, sentyabrın 17-də Aşdod şəhərində seçim mitinqi zamanı Qəzzadan atılan 2 raket səbəbi ilə çalınan zənglərdən sonra Netanyahu mitinqi yarı qoymaq məcburiyyətində qalmışdı.