Zaqatalada NGN texnologiyaları əsasında 12 yeni elektron ATS quraşdırılacaq

04:03 17 Yanvar 2015
182 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 17 yanvar, Mustafa Dadaşov, AzərTAc
“Aztelekom” İstehsalat Birliyinin həyata keçirdiyi “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, 2015-ci ildə Zaqatala Telekommunikasiya Qovşağının xidmət ərazisində ən müasir NGN texnologiyaları əsasında 12 yeni elektron ATS quraşdırılıb istifadəyə veriləcək.
Bu məlumatı qovşağın rəisi Həsən Ömərov AzərTAc-a müsahibəsində verib.
Qurumun rəhbərinin bildirdiyinə görə, layihə Zaqatala da daxil olmaqla, respublikanın 10 şəhər və rayon telekommunikasiya qovşağının xidmət ərazisində reallaşdırılacaq. Zaqatala şəhərində 2, kəndlərdə isə 10 yeni elektron ATS-in quraşdırılması nəzərdə tutulur. Bu stansiyalarda NGN – yeni nəsil şəbəkə texnologiyası əsasında ən müasir avadanlıq quraşdırılacaq, xətt şəbəkəsi tikiləcək.
Qovşağın rəisi deyib ki, NGN texnologiyası əsasında quraşdırılan ATS-lər bir çox üstünlüklərə malikdir. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksək sürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir. Yeni ATS-lərin quraşdırılması nəticəsində qovşaq üzrə əlavə olaraq 4200 nömrə istismara veriləcək. Hazırda qovşağın ümumi istifadə tutumu 20 min 200 nömrə təşkil edir.
Qeyd edək ki, bu layihə şimal-qərb bölgəsi rayonları üzrə ilk olaraq Zaqatala Telekommunikasiya Qovşağının xidmət ərazisində həyata keçirilir. Artıq stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb və layihələndirmə işləri aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_NGN_texnologiyalari_esasinda_12_yeni_elektron_ATS_qurasdirilacaq-825468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR