Minsk, 20 may, AZƏRTAC
BELTA-nın “Hamı üçün bir Qələbə” fotosərgisi müharibə həqiqətlərini görmək imkanı verir. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Teleqraf Agentliyinin baş direktoru Dmitri Juk Qrodnoda fotosərginin açılışında bildirib.
Respublika miqyaslı “Böyük Qələbənin çiçəkləri” vətənpərvərlik layihəsi çərçivəsində təşkil edilən səyyar sərgi müharibənin və Qələbənin kadrlarda əbədiləşdirilmiş gerçək məqamlarını təqdim etmək üçün vilayət mərkəzlərinə səyahət edir. Belarusun ən qocaman informasiya agentliyin zəngin arxivi var. Belə ekspozisiyalar gənc nəslin müharibə illərinin nadir kadrları ilə tanış olmasına kömək edir.
Dmitri Juk deyib: “Bizim arxivimiz var. Qələbənin 70-ci ilində biz kənarda qala bilməzdik. Tarixi təzədən yazırlar və bundan sonra da istədikləri kimi yazacaqlar, amma bu şəkilləri artıq dəyişmək mümkün deyil”. BELTA-nın baş direktoru bildirib ki, bu gün qəhrəmanlıqdan çox danışılır. Lakin müharibə ilk növbədə dəhşət, qorxu, dağıntıdır. Dmitri Juk deyib: “Keçmişini bilməyən xalqın gələcəyi yoxdur” kəlamını hamı bilir. Bunu unutmağa haqqımız yoxdur. Ümidvaram ki, fotosərgilər gənc nəslə bildikləri məsələlərə bir qədər ayrı prizmadan baxmağa imkan verəcək”.
BELTA-nın Qrodno sərgisində təqribən 50 fotoşəkil nümayiş etdirilir. Ekspozisiyada informasiya agentliyinin arxivindən, o cümlədən tanınmış hərbi müxbirlərin ağ-qara fonda raritet fotoşəkilləri, az tanınan kadrlar, habelə Belarus Teleqraf Agentliyinin indiki əməkdaşlarının rəqəmsal rəngli fotorobotları yer alıb. “Hamı üçün bir Qələbə” sərgisi müharibənin müxtəlif tərəflərinə və dövrlərinə ( cəbhədə döyüşlər, arxa cəbhədə iş, partizan mübarizəsi, gizli fəaliyyət, dinc əhalinin əzabları) fotokamera obyektivi vasitəsilə müəllif baxışını göstərir. Ekspozisiya artıq Moqilyov, Qomel, Vitebsk və Minskdə nümayiş etdirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk