Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edəcək təyyarə Monqolustanda eniş edib

Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edəcək təyyarə Monqolustanda eniş edib
23:17 31 Yanvar 2020
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Monqolustanın paytaxtında eniş edib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə Ulan-Batorda yanacaq doldurduqdan sonra Çinə yola düşəcək. Təyyarənin gecə saatlarında təyinat məntəqəsinə çatacağı gözlənilir.

Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

"Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/822319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR