Dünyada qeyri-adi görünüşü ilə diqqət çəkən iribuynuzlu heyvan cinsi görənləri heyrətə gətirir. Nəhəng əzələləri və qeyri-adi bədən quruluşu səbəbindən bir çoxları onun xüsusi preparatlar və hormonlar vasitəsilə bu vəziyyətə gətirildiyini düşünür. Lakin bu görünüşün arxasında tamamilə fərqli bir səbəb - genetik xüsusiyyət dayanır.
Metbuat.az xəbər verir ki, söhbət Belçika mənşəli “Belçika mavisi" cinsindən gedir. Bu heyvanlar qeyri-adi dərəcədə inkişaf etmiş əzələ quruluşu, az yağlı bədənləri və iri fiziki göstəriciləri ilə digər mal-qara cinslərindən fərqlənirlər.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam miyostatin adlı zülalla bağlıdır. Normal halda bu zülal orqanizmdə əzələ inkişafını müəyyən həddə saxlayır. Lakin "Belçika mavisi" cinsində baş verən genetik dəyişiklik nəticəsində miyostatinin fəaliyyəti zəifləyir.
Nəticədə heyvanların əzələ inkişafına qoyulan təbii məhdudiyyət aradan qalxır və onların əzələ kütləsi adi mal-qara ilə müqayisədə xeyli çox olur. Elmi ədəbiyyatda bu xüsusiyyət “ikiqat əzələlilik” adlandırılır.
XIX əsrə gedib çıxan seleksiya tarixçəsinə malik bu cinsin yetkin erkək fərdlərinin çəkisi 1300 kiloqramdan artıq olur. Lakin onların qeyri-adi fiziki quruluşu yetişdirilmə prosesində xüsusi qayğı və nəzarət tələb edir.
Əzələ kütləsinin həddindən artıq inkişaf etməsi səbəbindən təbii cütləşmə və doğuş zamanı ciddi çətinliklər yarana bilir. Buna görə də cinsin çoxaldılmasında əsasən süni mayalanma üsulundan istifadə olunur. Buzovların dünyaya gəlməsi də bir çox hallarda qeysəriyyə əməliyyatı ilə həyata keçirilir.
"Belçika mavisi" cinsinin diqqətçəkən xüsusiyyətlərindən biri də xüsusi qulluq tələb etməsidir. Bədənlərində yağ təbəqəsinin az olması onları soyuğa qarşı daha həssas edir. Bu səbəbdən qış aylarında heyvanların üzərinə istilik qoruyucu örtüklər salınır.
Yetişdiricilər onların stressdən uzaq saxlanılmasına da xüsusi diqqət yetirirlər. Bəzi təsərrüfatlarda heyvanların sakitləşdirilməsi məqsədilə tövlələrdə klassik musiqi səsləndirilir.