2020-ci ilin ilk ayı həm ölkə də, həm də dünyada bir çox səs salan hadisələrlə, həmçinin ölümlər, xəstəliklər və fəlakətlərlə yadda qaldı.
Metbuat.az ötən ay ərzində ölkədə və dünyada baş verən ən mühüm hadisələri təqdim edir:
1. Tovuz rayonunun Dondar Quşçu kəndində ötən il noyabrın 21-də itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yandırılmış cəsədi yanvarın 6-da tapıldı. Məlum oldu ki, o qonşuları İlkin Süleymanov adlı şəxs tərəfindən 4 gün əvvəl başına daşla vurularaq öldürülüb. İlkin Süleymanov polisə əməlini etiraf etsə də, təcavüz iddiaları təsdiq olunmadı. Dırnaqları tutulan və beldən aşağı yandırılan Nərmin Quliyeva qətli ölkədə son 20 ilin ən dəhşətli qətli oldu.
2. Avstraliyada son həftələrdə meşə yanğınları qitə miqyasına çatdı və “meqa yanğına” çevrilmək təhlükəsi ilə üz-üzə qaldı. Yanğınlar nəticəsində 1,25 milyard heyvan öldü, 8,4 milyon hektar meşə məhv oldu. 27 insanın öldüyü, 2 min insanın evindən məhrum olduğu meşə yanğınları ay ərzində sosial şəbəkələrdə ən çox danışılan mövzulardan biri oldu.
3. Yanvarın 2-də ABŞ Hava qüvvələrinin Bağdad Hava limanına zərbələr endirməsi nəticəsində İran İslam İnqilabi Keşikçilər Korpusunun “Qüds” bölməsinin rəhbəri, İranda böyük nüfuza sahib general Qasim Süleymani öldü. Bu xəbər İranda şok effekti yaratdı. Süleymaninin cənazəsində izdiham o qədər böyük oldu ki, 35 nəfər öldü, 50 nəfər isə yaralandı. Onun vida mərasimdə 100 minlərlə insan küçələrə axın etdi. Hadisə ölkəmizdə də kifayət qədər müzakirələrə səbəb oldu.
4. Yanvarın 8-də Tehranda Kiyevə uçuş etməli olan Ukraynaya aid “Boeing-737” sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra raketlə vuruldu. 176 nəfərin ölümünə səbəb olan hadisənin əvvəlcə qəza olduğu açıqlandı, lakin bir neçə gün sonra İran təyyarəni səhvən vurduqlarını açıqladı. Ukrayna prezidenti Zelenski hadisəyə görə İrandan rəsmi üzrxahlıq tələb etdi.
5. Dekabrın 31-də Çinin Hubei əyalətinin Vuhan şəərində naməlum virus aşkar olundu. Yanvarın 9-da Çin höküməti bunun yeni növ bir virus olduğunu açıqladı. Bu günə qədər 259 nəfərin ölümünə, 11,7 min nəfərin yoluxmasına səbəb olan virus Çindən Malayziya, Tayland, Hindistan, türkiyə, Rusiya, Finlandiya, Almaniya, Fransa, İtaliya kimi dünyanın müxtəlif ölkələrinə yayıldı. Qonşu dövlətlər Çin ilə sərhədləri bağladı, virusun yayıldığı Vuhan şəhəri isə mühasirəyə alındı. Hal-hazırda ölkədə maska çatışmazlığı kimi bir çox problemlər davam edir. Ölkəmizdə isə yanvarın son günündə çinli bir tələbənin koronavirus şübhəsi ilə karantinə alındığı açıqlandı.
6. Yanvarın 24-ü gecə saatlarında Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə zəlzələ oldu. Nəticədə Elazığ və Malatyada 41 nəfər öldü, 1500-dən çox insan xəstəxanalara yerləşdirildi. Bir çox binaların yıxılmasına, onlarla insanın dağıntılar altında qalmasına səbəb olan zəlzələ daha sonra dəfələrlə təkrarlandı: Manisada 5,1 bal, Muğla sahillərində 4,1 bal, Ankarada 4 bal gücündə zəlzələlər baş verdi. Azərbaycan zəlzələ ilə bağlı olaraq qardaş ölkəyə yardım göndərdi.
Cavidan Mirzəzadə / Metbuat.az