Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək” layihəsinə həsr edilən konfrans keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin rəhbəri Tahir Xudiyev bildirilib ki, layihə çərçivəsində imtiyazlı məhbusların və onların ailə üzvlərinin qarşılaşdıqları sosial problemlərin həllinə kömək göstərilir. Həmçinin məhkumluqdan azad olunanların və cəza müddətinin başa çatmasına az qalmış məhbusların həyata adaptasiya və reabilitasiyasına da ictimai dəstək verilir.
Tədbirdə İctimai Birliyin bu sahədə fəallıq göstərdiyi xüsusi vurğulanıb, layihənin digər məhbuslar üçün də böyük mənəvi dəstək olduğu diqqətə çatdırılıb.