Artıq toya pulu POSS-terminal vasitəsi ilə yazdıra biləcəyik -

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu qurğuların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox yol verildikdə isə 6 000 manat maliyyə sanksiyası tətbiq olunur.

Metbuat.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən "report"a bildirilib ki, bununla da şadlıq evlərində həm nağd, həm də nağdsız formada ödəniş etmək mümkün olacaq:

"Ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Şadlıq evləri həmçinin bu siyahıya daxildir. Vergi ödəyicilərində POS-terminalın quraşdırılması banklar tərəfindən həyata keçirilir. Müqavilə onların arasında bağlanır. POS-terminal istehlakçıların nağdsız ödəməni aparması üçün yaradılmış infrastrukturdur. Müştəri ödəməni nağd və ya qeyri-nağd aparmağı özü seçir. Bu, onun şəxsi seçimidir. Sadəcə sahibkar həmin şəraiti, infrastrukturu yaratmalıdır ki, vətəndaş istədiyi seçimi etsin.

Şadlıq evlərinə gəlincə, burada təkcə toy məclisləri deyil, banketlər, korporativ tədbirlər keçirilir və bu xidmətlərdən müxtəlif şirkətlər, dövlət qurumları istifadə edir. Bir çox hallarda onlar nağdsız qaydada ödəmələr aparırlar. Yəni məsələ təkcə şadlıq evləri məsələsi deyil, müştərilərlə nağd hesablaşmalar aparan və məcburi qaydada POS-terminal quraşdırmalı olan digər təsərrüfat subyektləri də eyni şəkildə, bu şəraiti yaratmalıdırlar. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, POS-terminalın quraşdırılması məcburi olduğu halda quraşdırılmaması və ya nağdsız qaydada ödəmələri qəbul etməkdən imtina hallarına görə maliyyə sanksiyası tətbiq edilir.

Hesab edirik ki, bu addım sahibkarların üzərinə məsuliyyət qoymaqla yanaşı, istehlakçıların hüquqlarının təmin edilməsinə xidmət edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi POS-terminaldan istifadə etməklə ödəmələri qəbul edən sahibkarlar üçün vergi güzəştləri müəyyən edib. Sahibkarlar nağdsız hesablaşmalara üstünlük verməklə həmçinin büdcəyə ödəmələrində də qənaət etmək imkanına malikdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR