Bakı, 23 may, AZƏRTAC
Mayın 25-26-da Şəmkir şəhərində yerləşən “Zəka” İntellektual Gənclər Mərkəzində qərb regionunu əhatə edəcək “Ekoloji İntellektual Qərb Birinciliyi” layihəsi həyata keçiriləcək. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu, “İrəli” İctimai Birliyi və “Zəka” İntellektual Gənclər Mərkəzinin tərəfdaşlığı ilə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bir sıra ekoloji bilik və məlumatları özündə cəmləşdirən “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatlı oyunda qərb regionunu təmsil edəcək 8 rayonun gəncləri mübarizə aparacaq. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux şəhərlərini təmsil edəcək komandalar arasında region birinciliyi uğrunda mübarizə gedəcək. Layihə region gəncləri arasında intellektual yolla ekoloji maarifləndirmə, bu sahədə daha geniş dünyagörüşünə sahib olma imkanı yaradır.
Yarışmanın ilk günü komandalar ekoloji bilikləri əhatə edən “Nə? Harada? Nə zaman?” formatlı oyunda biliklərini sınayacaqlar. Növbəti gün isə 8 komanda arasında “Breyn Rinq” formatlı oyun keçiriləcək. Final qarşılaşmasından sonra isə qərb regionu üzrə qalib müəyyənləşəcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibidir.