Azərbaycanın İtaliya olmasına imkan verməyək...

Azərbaycanın İtaliya olmasına imkan verməyək...
20:38 19 Mart 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Şərqi Avropada Ukraynadan tutmuş Qərbi Avropada Fransaya qədər bütün ölkələrdə virusa yoluxma faktları qeydə alınıb, amma İtaliya başdan-başa qara rəngdədir: son 24 saatda 475 ölüm.

Bütün Avropada virusa yoluxma halı var, amma İtaliyanın niyə bu dəhşətli mənzərə ilə üzləşdiyi sualının cavabı budur: sosial məsuliyyətsizlik.

Lombardiya bölgəsində virusa yoluxmanın artdığı vaxt ölkədə təhsil müəssisələrində tədris prosesi dayandırılanda insanlar bunun tətil olduğunu düşənərək, övladları ilə birlikdə gəzməyə çıxdılar, tələbələr əyləncələr təşkil etdilər. Nəticə ortadadır.

Azərbaycanda “evdə oturun” çağırışını hələ də qulaqardına vuranların, izolyasiya tədbirlərini “gəzmək haqqının tapdanması” kimi qavrayanların və bu qaydaları pozmağa can atanların olduğunu görəndə İtaliya nümunəsi göz önünə gəlir.

Hələ də dövlətin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun tətbiq etdiyi izolyasiya qaydalarını pozmağa çalışanlarımız var;

“Evdə oturun” çağırışını “gəzmək və əylənmək üçün fürsət” bilənlərimiz hələ də qalır;

Ötən gecə təkcə bir postdan Bakı istiqamətində gələn 470 avtomobilin geri qaytarılması faktı məsələnin ciddiliyini tam anlamadığımızı göstərir;

Halbuki, İtaliyanın nümunəsində tövsiyələrə və dövlətin tətbiq etdiyi qaydalara əməl etməyin vacibliyi bir daha ortaya çıxır. İnsanlar bir şeyi anlamalıdır: dövlətin həyata keçirdiyi tədbirlər xalqın sağlamlığını və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Virusun dəhşətli faciələrə səbəb olduğunu anlamağa çətinlik çəkirsinizsə, türkiyəli yazar Yılmaz Özdilin İtaliyadakı vəziyyətlə bağlı qeydlərinə baxın.

“İnsanlar komaya düşərək ölmürlər, şüurlu şəkildə, hava çatışmazlığından ölürlər. Süni tənəffüs aparatı çatmır, həkimlər yaşlılar və gənclər arasında seçim etmək məcburiyyətində qalırlar. Virusun bu qədər yayılmasına səbəb italyanların təhsil ocaqlarının bağlanmasını “tətil” kimi başa düşməsi oldu”, - türkiyəli yazar qeyd edir.

Bu qeydlər Azərbaycanda dövlətin əslində nə etmək istədiyini, insanlara nəyi başa salmaq istədiyini, çoxumuzun xoşuna gəlməyən önləyici tədbirləri niyə həyata keçirdiyini anlamamız üçün yetərlidir.

Əgər Prezident İlham Əliyevin göstərişi ilə bir gecədə ölkədə əlavə olaraq, 200 tənəffüs aparatı gətirilirsə;

Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargah 24 saat fəaliyyət göstərir və xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayırsa;

Bütün uşaq bağçaları, təhsil müəssisələrin fəaliyyəti dayandırılırsa, kütləvi tədbirlərin keçirilməsi qadağan edilirsə, dövlət ÜST-ün bütün tövsiyələrinə bir-bir əməl edirsə;

Martın 14-dən ölkədə xüsusi davranış qaydaları tətbiq edilirsə;

Ən müasir 4 laboratoriya alınır və laboratoriyaların sayı 10-a çatdırılırsa;

Respublikanın müxtəlif bölgələrində 10 xəstəxana xüsusi rejimdə işləyirsə;

Başqa ölkələrlə gediş-gəlir məhdudlaşdırılır, aviareyslər ləğv edilir, sərhədlər bağlanır, elektron vizaların verilməsi dayandırılır, xəstəliyin geniş yayıldığı ölkələrdən insanların Azərbaycana gəlməsi qadağan edilirsə;

Koronavirusla Mübarizəyə Dəstək Fonduna martın əvvəlində 10 milyon vəsait ayırılıb, əlavə olaraq, Prezidentin ehtiyat fondundan 20 milyon manat ayırmaqla bağlı qərar verilirsə;

Və Prezident bəyan edirsə ki, “Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün istənilən addım atılacaq”, cəmiyyət olaraq, bütün bunları anlamalı və sosial məsuliyyət hissini unutmamalıyıq.

Kimlərinsə ya təxribat məqsədilə, ya da məsuliyyətsiz xəbərlərinə inanmamalı, virusa qarşı daha həssas qrup olan yaşlıları qorumalı, virusu belə siyasi ambisiya olaraq görənlərə qarşı birgə hərəkət etməli, kütləvi tədbirlərdə iştirakdan imtina etməli və hər hansı naxoşluq hiss edəndə həkimə müraciət etməli, bu prosesdə dövlətin səylərinə dəstək verməli, evdə qalmalı və Azərbaycanın ən azı İtaliya, yaxud qonşu İran olmasına imkan verməməliyik.

Unutmamalıyıq, məsuliyyətsiz davranış təkcə özünü yox, yaxınlarını, doğmalarını və bütün ölkəni təhlükə altına atmaq deməkdir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/308321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR