Bakı, 25 may, Elçin Hüseynov, AZƏRTAC
1990-cı illərin sonlarınadək ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlılara aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla və meşələrimizi qırıb ağacları daşımaqla dolanırdılar. Sonralar bu talançılığın digər istiqaməti - faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət aldı. Bu işə ABŞ, Rusiya, Kanada, İsveçrə, Fransa, Almaniya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edildi. Son vaxtlar talanın miqyası daha da artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu faktlar Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən “1989-1994-cü illərdə Ermənistanın işğal etdiyi ərazilərimizin faydalı qazıntıları və amansız erməni talanı nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsi barədə hesabat” mövzusunda keçirilən konfransda açıqlanıb.
İşçi Qrupun rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı tədbir iştirakçılarına itki və tələbatların hesablanması vəziyyəti və görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, ermənilər tərəfindən 12 ildən çoxdur talan edilən ümumi ehtiyatı 150 tona yaxın olan üç böyük qızıl yatağının, həmçinin iki polimetal, bir sıra civə, tikinti materialları, bəzək daşı, yeralti şirin su və mineral su yataqlarının istismarı nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı on milyardlarla ABŞ dolları həcmində qiymətləndirilir.