İran ABŞ-lə həm diplomatik danışıqlara, həm də mümkün yeni müharibəyə hazırdır.
Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp seçim qarşısındadır: ya diplomatiya yolu seçilməli, ya da müharibəyə üstünlük verilməlidir.
Əraqçi mümkün yeni hücum halında İranın buna hazır olduğunu bildirib. O, “Qiyamət savaşı belə olsa, qərarlılığımızı qoruyacağıq” deyib.
İranlı nazir Trampın daha əvvəl rədd etdiyini bildirdiyi razılaşma təkliflərinə ABŞ tərəfindən hələ rəsmi cavab verilmədiyini, ABŞ prezidentinin ziddiyyətli açıqlamalar verdiyini və yekun mövqenin vasitəçilər vasitəsilə Tehrana çatdırılmasını gözlədiklərini qeyd edib.
Əraqçi həmçinin Hörmüz boğazının yenidən açılmasının İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, Tehran ABŞ-yə boğazın açılması və danışıqların başlanması üçün yeddi günlük yol xəritəsi təqdim edib.
Təklifə ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması və İran neftinə qarşı sanksiyaların yumşaldılması kimi şərtlərin daxil olduğu bildirilib.