Azərbaycan diaspor təşkilatının sədri Norveçin koronavirusla mübarizə tədbirlərindən danışdı - MÜSAHİBƏ

Azərbaycan diaspor təşkilatının sədri Norveçin koronavirusla mübarizə tədbirlərindən danışdı - MÜSAHİBƏ
10:38 8 Aprel 2020
246 Digər
Ölkə mətbuatı
A- A+

Norveçdəki “Can Azərbaycan” diaspor təşkilatının sədri, kral ailəsi üçün geyimlər hazırlayan məşhur modelyer və “Shervin Najafpur” moda evinin təsisçisi Şervin Nəcəfpur koronavirusun dəb sənayesinə vurduğu ziyanlardan danışıb.

Publika.az-a müsahibəsində dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Norveçin koronavirusla mübarizə tədbirlərindən danışan həmyerlimiz vəziyyətlə bağlı vacib detalları açıqlayıb.

- Ötən ay Antalyada yeni kolleksiyanız göstərildi. Və bir neçə gün sonra dünyanın hər yerində koronavirus yayılması səbəbilə karantin elan olundu. Şervin xanım, bu qərar işinizə nə dərəcədə təsir etdi?

- Əslində bəxtimiz gətirdi, Antalya Moda Həftəsi tam vaxtında keçirildi, dünyada qalan bütün moda həftələrisə təxirə salınmalı oldu. Şəxsən mən heç vaxt təsəvvür edə bilməzdim ki, 7 gün sonra sərhədlər bağlanacaq və Avropanın bir çox ölkəsinə Norveç daxil olmaqla uçuşlara qadağa qoyulacaq... Norveçə son uçuşla qayıda bildim, 14 gün ev karantinində qalmalı oldum.

Koronavirus pandemiyası “Shervin Najafpur” brendinə təsirsiz ötüşmədi. Antalya Moda Həftəsi qarşımda çox böyük şanslara yol açmışdı, bir modelyer kimi bu mənim üçün böyük fürsət və uğur idi. Lakin bütün layihələr hələlik təxirə salınıb.

- Bilirik ki, Norveçdə yaşayırsınız. Odur ki, dünyanın ən inkişaf etmiş ölkəsində hakimiyyətin koronavirusla mübariz tədbirlərini bilmək maraqlıdır. Özünüz koronavirusdan necə qorunursunuz? Sosial izolyasiya qaydalarına əməl edirsinizmi?

- Səlahiyyətlilər pandemiyanın qarşısını almaq və xalqı maarifləndirmək üçün çox çalışır. Rəsmi orqanlardan bizə tez-tez maarifləndirici SMS-lər və e-maillər gəlir. Vəziyyəti canlı olaraq qəzetlərdən təqib edirik.

Bundan əlavə 24 dildən çox rəsmi dövlət saytlarında, bütün mətbuat orqanlarında (radio, TV və s.) və sosial şəbəkələrdə infoqrafik məlumatlar yerləşdirilib ki, Norveç dilini səlis bilməyən vətəndaşlar və ya bu ölkədə müvəqqəti yaşayanlar başa düşsün. Çox sevindirici haldır ki, Oslo Bələdiyyəsi azərbaycan dilinə dəstək üçün sədri olduğum “Can Azərbaycan” təşkilatına müraciət edib. Mən də Publika.az-ın əziz jurnalisti Leyla Sarabi xanıma və Norveçdəki “Bizim Səs” təşkilatının rəhbəri Hüseyn Məmmədova müraciət etdim, bu materialların hazırlanmasında həmrəyliyimizi ortaya qoyduq və Norveçdə yaşayan həmyerlilərimizə ana dilimizdə infoqrafikalar hazırladıq. İnanıram ki, həmrəylik, bir-birimizə göstərdiyimiz qayğı sayəsində bir çox insanın həyatını təhlükədən qoruya bilərik.

Bütün qaydalara diqqətlə yanaşmağa çalışıram, xüsusilə Norveç Xalq Sağlamlığı İnstitutunun veb saytlarını gündə minimum bir dəfə təqib edirəm. Eyni zamanda yeni çıxan məlumatları diqqətlə oxuyuram, çünki digər işimlə bağlı məcburən həftədə 2-3 gün ofisə gedirəm, istər-istəməz risk altındayam.

- Karantin günlərini necə keçirirsiniz?

- Norveçə qayıdanda 14 gün məcburi ev karantinində qalmalı oldum. Evdən işləyirdim, mənim üçün bu günlər əla keçdi. Türkiyədə 2 aya yaxın gərgin qrafiklə çalışır, moda həftəsinə hazırlaşırdım. Əlbəttə ki, sevdiyim işi görürdüm, pozitiv stress idi, amma inanın ki, yatmağa vaxt tapa bilmirdim. Bu baxımdan 2 həftə evdən işləmək terapiya təsiri göstərdi. Səhər tezdən durub ofisə getmək yerinə, yataqdan kompüteri yandırmaq ayrı ləzzət etdi. Ancaq son 10 gündür ki, həftənin bəzi günləri ofisə gedib gəlirəm.

Günlərimi dəyərləndirirəm, hər gün özüm üçün maraqlı qrafik hazırlayıram ki, günlərim monoton keçməsin və darıxmağa vaxt tapmayım. Hər gün təmiz hava almaq üçün yürüyüşə çıxıram, buna icazə verilir. Maraqlı serial və kinolar izləyirəm, musiqi dinləyirəm, kitab oxuyuram, onu da etiraf edim ki, internetsiz çox darıxardım. Və əsla bitməyən ev işləri ilə məşğul oluram, bundan əlavə diaspor fəaliyyətimizi artırdım. Məncə, hərkəs bu günləri çox gözəl dəyərləndirməlidir.

- Norveçlilərin hazırda ümumi əhval-ruhiyyəsini hansı sözlərlə ifadə etmək olar?

- İlk günlər xalq arasında böyük panika yaranmışdı, 9 martda baş nazirin çıxışından sonra əhali marketləri talan etmişdi. 14 mart gecəsi Norveçə çatanda ilk dəfə marketlərdə boş rəflərlə qarşılaşdım. Son günlərdə ərzaq qiymətlərində 20%-ə kimi artım olub. Maska və əlcək qıtlığı yaşanır, həm çox az tapılır, həm də qiymətləri 50-70% qalxıb.

Xüsusilə böyük şəhər əhalisi hələ də pandemiyanın ciddiliyini başa düşmür, karantini fürsət bilir. Oslonun mərkəzi insanlarla dolu idi. Belə davam etsə, komendant saatının tətbiq edilməsi mütləq görünür.

- Dünyanın hər yerində müşahidə olunan mövcud vəziyyət ovqatınıza və yaradıcılığınıza təsir edirmi?

- Əlbəttə təsir edir, çünki moda sektoru bir çox sənaye sahələri kimi ip üstündədir. Dünya iqtisadiyyatı alt-üst olub, böyük moda evləri böhranla üz-üzədir, kiçik brendlər bir-bir iflas edir. İnnovativ imkanları təcili işə salanlar və likvidlik fürsəti olanlar böhranın öhdəsindən gələ biləcək.

Norveçin nüfuzlu moda evlərindən biri keçən həftə iflas etdi, bir çox restoran və kafelər bağlanıb, 2 həftədə 300 mindən çox insan işsiz qalıb. Dövlət maddi dəstək olmağa çalışsa da, bəs etmir, ayırdıqları 100 milyard krondur. Buna baxmayaraq, pozitiv qalmağa çalışıram, amma bu qeyri-müəyyən durum insana təsir edir.

- Şervin xanım, dəb analitikləri modanın taleyi haqqında verdiyi proqnozlarda bu fikirdədir ki, koronavirus xüsusilə xanımları alış-verişdə daha düşüncəli davranmağa məcbur edəcək. Bəs, bu, dizaynerlərin işinə hansı istiqamətdə təsir edəcək?

- Yüksəliş və enişlər insanların həyatlarında olduğu kimi, dünya iqtisadiyyatında da baş verir. Korona pandemiyası şopinq davranışımızı dəyişdirir, lakin bütün sənaye bu işdən keçmək üçün rəqəmsal strategiyasına etibar etməlidir.

Böhranlara qarşı hazırlıqlı olanlar, daha əvvəl e-ticarət ilə məşğul olanlar və veb strategiyası olanlar ayaqda qala biləcək. Böyük onlayn mağaza sahibləri düzgün marketinqdən istifadə etsələr, satışlarını qaldıra bilərlər.

Dizaynerlər də innovativ metodlardan istifadə etməli, alıcıların əsas ehtiyaclarını başa düşüb ona uyğun strategiya qurmalıdırlar. Təmtəraqlı geyimlərin alıcılıq qabiliyyəti aşağı düşəcək, praktik geyimlərin alışı isə artacaq.

Məni ən çox sevindirən hadisə o oldu ki, imkanları olan moda evləri hazırda steril maskalar, avadanlıqlar tikir və bunları ehtiyacı olanlara pulsuz verir. Bu çox gözəl addımdır.

- Ümumiyyətlə, müsbət tərəfdən yanaşsaq, pandemiya insanlara sizcə, hansı dərsi verdi?

- Həmrəy olmağı və başqalarının qayğısına qalmağı öyrətdi. Bu mərhələdə insanlar əzizlərinə daha çox vaxt ayırdı, daha çox səbrli və tolerant olduq. Öyrəndik ki, hər şey fanidir və başlıcası möhkəm cansağlığıdır. İnanıram ki, bundan sonra dünyaya, mənəvi dəyərlərə və həyata daha möhkəm bağlanacağıq.

- Sizcə, çətinliklər insan təxəyyülünün üfüqlərini genişləndirir, ya əksinə ruhdan düşməyə və tükənişə səbəb olur?

- Bu, hər kəsin fərdi yanaşmasıdan asılıdır. Fikrimcə, çətinliklər insan təxəyyülünün üfüqlərini genişləndirir, çünki bu, insanı qəlbinin dərinliklərinə enməyə məcbur edir. Heç kimin həyatı ideal deyil, həyatın müəyyən mərhələlərində hamımız çətinliklərdən keçirik. Bütün bunlara baxmayaraq, iradəmizi itirməməliyik, tükənmədən ayağa qalxmağı bacarmalıyıq. Çətinlik yaşamayan insan heç nəyin qədrini bilməz, bu təcrübələr nə dərəcədə acı olsa da, qızıl dəyərindədir.

- Tanışlarınız arasında koronavirusa yoluxan varmı?

- Şeytanın qulağı kar olsun, çox sevindiricidir ki, hələ yoxdur. Dua edirəm ki, heç bir əziz bildiyim insandan belə bir qorxulu xəbər almayım.

- Bu kabus bitdikdən sonra dünyanı necə təsəvvür edirsiniz?

- Dünyada unikal siyasi və iqtisadi sistemlərlə yanaşı, insan ruhunun qüdrətinə şahid olduq. Həkimlərin, tibb bacılarının, siyasi liderlərin və xalqların nümayiş etdirdiyi həmrəylik qürurvericidir. Daxili gücümüz bu bəladan xilas olmağa imkan verir. İnanıram ki, yavaş-yavaş gözəl günlərə çıxacağıq.

Təbiət dincəldi, bu çox sevindirici hadisədir. Qarşıda hamımızı gözəl günlər gözləyir.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/310040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR