Bakı, 25 may, Xatirə Cəfərova, AZƏRTAC
Vyetnam şirkətləri Azərbaycanın “Neuron Technologies” şirkətinin təhsil sahəsi üzrə informasiya texnologiyaları həllərinə maraq göstərir. Bu istiqamətdə konkret nəticələr əldə olunması üçün “Neuron Technologies” və Vyetnamın DCA “Cooperation Development” şirkətləri arasında tərəfdaşlığa başlanacaq.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan-Vyetnam biznes-forumu çərçivəsində təşkil edilən ikitərəfli görüşdə razılıq əldə olunub. Razılaşmaya əsasən informasiya texnologiyaları həllərinin Vyetnamda geniş təşviqi prosesi həyata keçiriləcək.
“Neuron Technologies” şirkəti təhsil, səhiyyə, bank və maliyyə sahələrində informasiya-kommunikasiya texnologiyaları həllərinin tətbiqini prioritet istiqamət kimi müəyyənləşdirib. Bununla belə, müəssisə resurslarının planlaşdırılması və müştərilərlə əlaqələrin idarə edilməsi üzrə innovativ həllərin tətbiqi də şirkətin prioritet hədəflərindəndir.