“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub.
Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.
Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23% olmaqla 164 min barel, iyul-dekabr aylarında 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14% olmaqla 98 min barel həcmində azaldılmasını nəzərdə tutur.
Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.