ABŞ-da virusla bağlı məhdudiyyətlərin ləğvinin üçmərhələli planı təqdim edilib

ABŞ-da virusla bağlı məhdudiyyətlərin ləğvinin üçmərhələli planı təqdim edilib
20:52 17 Aprel 2020
253 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın COVID-19 virusunun narahatlıq doğurmadığı ştatlarının hakimiyyət orqanları artıq cümə günündən başlayaraq iqtisadi fəaliyyəti mərhələli şəkildə bərpa edə bilər. Qubernatorlar epidemioloji vəziyyətdən asılı olaraq bu müddət barədə qərarları müstəqil qəbul edəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağ ev administrasiyasının irəli sürdüyü normal sosial həyata üç fazalı qayıdış planına əsasən, ilk etapda sərt sosial məsafə tədbirlərinin saxlanılması təklif olunur, bu, əsasən əhalinin risk qruplarında olan hissəsinə aiddir. İctimai yerlərdə insanlar arasında mümkün qədər uzaq məsafə saxlanılmalı, on nəfərdən çox insan bir yerə toplaşmamalı və vacib olmayan səfərlərdən imtina edilməlidir. Bu mərhələdə təhsil müəssisələri bağlı qalacaq, həmçinin yaşlı insanları ziyarət etmək qadağan olunacaq.

İkinci mərhələdə təhsil müəssisələrin açılması nəzərdə tutulur. Həmçinin insanlar 50 nəfərə qədər qruplar halında toplaşa biləcək, vacib olmayan səfərlərə icazə veriləcək, xüsusi icazə ilə yaşlıları ziyarət etmək mümkün olacaq. Əvvəlki digər tədbirlər isə qüvvədə qalacaq.

Üçüncü mərhələ risk qruplarında olan insanlar üçün sosial məsafə qorunmaq şərti ilə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Bütün müəssisələr işlərini bərpa edə bilər.

Ekspert-immunoloq Entoni Fauçi ABŞ administrasiyasının tətbiq etdiyi sərt tədbirlərin öz bəhrəsini verdiyini deyib və ölkənin elan olunan mərhələləri uğurla keçəcəyinə ümidini ifadə edib.

Ekspert-təbiblərin iştirakı ilə hazırlanan plan aprelin 16-da Ağ evdə keçirilən brifinqdə elan olunub.

Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:20-yə olan məlumatına əsasən, dünyada 2 milyon 186 minə yaxın yoluxma və 146 min 969 ölüm faktı qeydə alınıb, 553 min 323 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

ABŞ-da indiyədək yeni koronavirusa yoluxanların sayı 678 min nəfəri ötüb, 34 min 641 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR