Bakı, 26 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Mayın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Universiteti tərəfindən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na uyğun olaraq Bakıda “Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi” mövzusunda təlim başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov təlimin açılışında çıxış edərək maarifləndirici tədbirin mahiyyəti haqqında məlumat verib, belə təlimlərin keçirilməsinin gənclər üçün çox önəmli olduğunu vurğulayıb.
AQUPDK-nın sədr müavini Aynur Sofiyeva çıxış edərək gənc nəsil arasında təlimlərin aparılmasının əsas məqsəd olduğunu vurğulayıb. O əlavə edib ki, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac var. Ailə dəyərlərinin qorunması, ailədaxili və nəsillərarası münasibətlərdə yaşlılara hörmət, uşaqlara sevginin, diqqətin təbliği Komitənin bu istiqamətdə gördüyü işlərin tərkib hissəsidir. O, belə mövzularda bundan sonra da tədbirlərin həyata keçiriləcəyini deyərək bu məsələnin hər zaman gündəmdə olmasına ehtiyac duyulduğunu vurğulayıb.
Təlimdə Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Milli Televiziya və Radio Şurasının nümayəndələri müvafiq mövzular üzrə təqdimatlarla çıxış ediblər.
AQUPDK-nın ekspertləri “elektron hökumət” istiqamətində fəaliyyət, Milli fəaliyyət planının hüquqi tərəfləri və regionlarda iş barədə təqdimatlar ediblər. Həmçinin digər dövlət orqanlarının və QHT-lərin nümayəndələrinin çıxışları dinlənilib, müzakirələr və diskussiyalar təşkil olunub.
Təlim mayın 27-dək davam edəcək. Sonda tələbələrə sertifikatlar təqdim olunacaq.