Azərbaycanın siyasi arenada pandemiya sınağı -

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi, ölkəmizdən də yan keçmədi. Gündəlik olaraq yoluxma hallarının artması ölkə ərazisində ciddi karantin rejiminin tətbiq edilməsi ilə nəticələndi. Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi.

Metbuat.az xəbər verir ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görərək bəri başdan bütün quru sərhədlərimizi bağladı. Karantin rejimini tətbiqinə başlamaq ilə bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı.

Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, politoloq Elnur Kəlbizadə Metbuat.az-a özəl müsahibəsində ölkəmizdə koronavirusa qarşı mübarizədə siyasi arenada görülən tədbirlərdən danışdı.


''Dünya yeni mərhələyə qədəm qoymaqdadır. İndi dünyanın demək olar ki, bütün beyin mərkəzləri, futuroloji proqnozlaşdırma ilə məşğul olan tədqiqatçıları yeni dövrün yeni çağırışlarının nədən ibarət olacağını müəyyənləşdirməyə çalışırlar. Şəksizdir ki, yalnız yeni çağırışlara cavab verə bilən, dəyişikliklərə daha çevik uyğunlaşan dövlətlər və beynəlxalq sistemin digər iştirakçıları pandemiyadan sonrakı dövrdə dünya siyasətinin müəyyən edilməsində iştirak edəcəklər.

2003-cü ildən sonrakı dövrdə Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara üzv olmaq istəyən dövlətdən bu təşkilatları yaradan və onlara rəhbərlik edən dövlətə çevrilməsi dövlət başçısı İlham Əliyevin çevik, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətinin nəticəsidir. İndi Azərbaycan Prezidenti nəinki ölkəmizin, həmçinin dövlətimizin sədrlik etdiyi və ya aparıcı üzvü olduğu təşkilatların da pandemiya və post-pandemiya dövrünün yeni çağırışlarına cavab verməsinə çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə BMT Baş katibinə müraciəti və müraciətin qısa müddətdə 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin dünya siyasətində artan rolunun göstəricisi hesab edilə bilər. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edən dövlət başçısının bir daha Ermənistanın Baş Nazirinin pozucu mövqeyini, bu ölkənin işğalçı və terror mahiyyətini ifşa etməsi mühüm hadisələrdən biri olmuşdur. ''


Prezident İlham Əliyev çıxışlarında qeyd edərək bu çətin vaxtlarda əzmkarlıq göstərən xalqın dəyanətini yüksək qiymətləndirmişdi.

''Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm hesab edirəm ki, ən yüksək qiymətə layiqdir. Biz yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yardım göstəririk. Bu yardım insanları bu ağır vəziyyətdə ruhlandırır, eyni zamanda, onların maddi imkanlarının təmin edilməsində rol oynayır. Biz bunu edirik ki, insanlar bu vəziyyətdən çıxsın və az itkilərlə çıxsınlar. İlk növbədə, koronavirusla bağlı mübarizədə görülmüş işlər yüksək qiymətə layiqdir. Eyni zamanda, koronavirusa görə işini itirən, yaxud da ki, müvəqqəti olaraq itirən insanların da yardımına dövlət gəlməlidir”, - deyə dövlətimizin başçısı bildirib.

Pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün ölkə başçısı İlham Əliyevin qərarı ilə Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib.


Politoloq Elnur Kəlbizadə qeyd etdi ki, pandemiyanın yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Prezidentinin siyasi iradəsi ilə başlanılmış islahatlar xətti davam etdirilmiş, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığına qarşı mübarizə daha dönməz xarakter almışdır.

"Pandemiya dövründə Azərbaycan-Türkmənistan-Əfqanıstan liderlərinin videokonfrans formatında üçtərəfli görüşü keçirilmiş, dövlətimizin başçısı Türkiyə, Gürcüstan, İran İslam Respublikası, Albaniya, Litva, Tacikistan, Pakistan, Rusiya, Qazaxıstan və digər ölkələrin dövlət başçıları ilə müxtəlif ikitərəfli, regional və qlobal məsələləri iki tərəfli formatda müzakirə etmişdir.

Müxtəlif siyasi qüvvələrin konstruktiv siyasi dialoqa cəlb edilməsi istiqamətində atılan addımlar qarşıdakı dövrdə Azərbaycanın daha böyük hədəflərinin olmasından xəbər verir. Azərbaycan Respublikası Prezidenti müxtəlif tədbirlərdə, respublikanın şəhər və rayonlarında keçirdiyi görüşlər zamanı islahatların davam etdirilməsi ilə bağlı qətiyyətli mövqeyini vurğulamış, həm xarici, həm də daxili siyasət məsələləri ilə bağlı mövcud durum və gələcək istiqamətlər barədə tezisləri aydın şəkildə ifadə etmişdir.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR