Bəzi mağaza və obyekt sahibləri niyə POS-terminaldan imtina edirlər? -

Qanunla bir çox obyektlərdə POS-terminalların quraşdırılması məcburi olsa da, hələ də bəzi mağaza və iaşə obyektlərində POS-terminallar quraşdırılmayıb və nağdsız ödənişlər mümkün deyil. Sahibkarlar niyə POS-terminalların quraşdırılmasında maraqlı deyillər?

Metbuat.az bu barədə iqtisadçı-ekspert Vüqar Mirheydərovun fikirlərini öyrənib. Ekspert POS-terminalların quraşdırılmamasında sahibkarların vergidənyayınmaq istədiklərini bildirib:

“Məncə ictimai iaşə obyektlərində POS-terminalların işlədilməsi kifayət qədər geniş istifadə edilir. Söhbət sözsüz ki azdan-çoxdan şəffaf işləyən obyektlərdən gedir.O ki qaldı ümumiyyətlə dövrüyyəsini bəyan etməyib, bəzi hallarda heç vergi orqanlarında qeydiyyatdan keçməyən obyektlərə və onların sahiblərinə, onların kitabları demək olar ki, bağlanmaq üzrədir.

Əslinə qalsa POS-terminalın işlədilmədiyinin bəhanələri çox, səbəbi isə təkdir. Adətən bəhanələr arasında POS-terminalın olmaması, bankın POS-terminalın verilməsinə görə yüksək xidmət haqqıtələb etdiyini, obyektdə POS-terminalda işləyə bilən kadrın olmaması göstərilir. Sözsüz ki, bütün bunlar sadəcə özünü bəraət qazandırmaqdan başqa bir şey deyil. Əsl səbəb isə hamıya bəllidir: POS-terminal işlədildikdə dövrüyyənin gizlədilməsi mümkün olmur və o, tam şəkildə bank hesabında əks olunur. POS-terminal işlədən obyekt sahibi vergi orqanlarına dövrüyyəni tam şəkildə bəyan etməlidir və ona görə vergi ödəməlidir, bu isə bəzi biznesmenlərimizə görə həddindən artıq ağır hesab edilir”.

Ekspert həmçinin əlavə edib ki, obyektlərdə POS-terminalların quraşdırılmaması halında qanunda müəyyən cərimələr nəzərdə tutulub:

“Bu şəxsləri xəbərdar etmək istərdim ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə kifayət qədər ağır maliyyə sanksiyası nəzərdə tutulub:

-təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

-təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

-təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat.

Həmçinin qeyd etmək istərdim ki, Vergi ödəyiciləri fəaliyyətlərində nağdsız hesablaşmalara üstünlük verdikdə müəyyən vergi güzəştlərinə də nail ola bilərlər. Vergi Məcəlləsinin 102.1.24., 106.9, 218-1.2 maddələrinə əsasən pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəşt 2019-cu il yanvarın 1-dən 3 il müddətinə verilib”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR