Azərbaycan çox böyük uğurlara imza atdı -

Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurverici günlərindən birini yaşayır. Son 200 ildə Azərbaycan torpaqlarının bir hissəsini itirmişdi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan itirilmiş torpaqlarını geri qaytarır.

Son gülər Azərbaycan cəbhə bölgəsindəki qələbəsini danışıqlar masasında da əldə etdi. Sentyabrın 27-dən etibarən bugünə qədər Azərbaycan bir neçə rayonu işğaldan azad etmişdi və son razılaşmaya əsasən, artıq Azərbaycanın digər bir neçə rayonu da işğaldan azad olunur. Bu böyük zəfərdir, qələbədir, tarixi nailiyyətdir.

Razılaşmada bir çox vacib məqamlar öz əksini tapıb. Ağdam, Laçın və Kəlbəcərin işğaldan azad olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Razılaşmada əksini tapan önəmli məsələlərdən biri də Naxçıvanla bağlı məsələdir. Məlum olduğu kimi, Naxçıvan iqtisadiyyatı uzun müddət blokada şəraitinə düşmüşdü. Eyni zamanda, Naxçıvan əhalisi gediş-gəlişlə bağlı ciddi çətinliklər yaşayırdı. Bu da Azərbaycan iqtisadiyyatına da öz ciddi təsirini göstərirdi. Tərəflərin razılaşmasına əsasən, Naxçıvanın blokadadan azad olunması nəticəsində bu yolun açılması ilə yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılacaq və Bakı-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları reallaşdıracaq. Beləliklə, Naxçıvan Şərqin qapısı kimi öz tarixi funksiyasını yerinə yetirəcək.

Münaqişənin tənzimlənməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla və böyük uzaqgörənliklə həyata keçirdi. Bu strategiyanın əsasını ümumilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi. Bu eyni zamanda ulu öndər Heydər Əliyevin arzularının həyata keçməsi mənasını daşıyır. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan çox böyük uğurlara imza atdı. Bu gün Ulu öndərin, şəhidlərimizin, bu dünyadan Qarabağ nisgili ilə köçənlərin ruhu şaddır.

Onu da qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunmasında və bu uğurun əldə olunmasında son 30 il ərzində Azərbaycanda həyata keçirilən xarici siyasət də çox ciddi rol oynadı. Bu müddət ərzində Azərbaycan uğurlu diplomatik siyasət həyata keçirdi.

Həmçinin son 30 ildə ordu quruculuğu sahəsində ciddi islahatlar həyata keçirildi, böyük nailiyyətlərə imza atıldı, müasir silah və texnika alındı. Məhz bu siyasət sahəsində Azərbaycan öz təhlükəsizliyini təmin etdi, müstəqilliyini qorudu.

Azərbaycan müharibə meydanında yeni texnolgiyalar, yeni üsullar, yeni metodlar tətbiq etdi, müharibəyə baxışı dəyişdi. Bu da Azərbaycanın əldə etdiyi uğurların daha bir göstəricisidir.

Bu gün regionda müstəqillik tarixi qədim olan bir çox dövlətlər və ölkələr var. Ancaq onlar hazırda öz ölkələri daxilindəki münaqişələri həll edə bilmirlər, ciddi iqtisadi və siyasi çətinliklərlə üz-üzə qalıblar.

Bəzi ölkələr bir sıra ölkələr uzun illərdir müstəqil olmalarına baxmayaraq nə ordu, nə də dövlət qurmağa nail ola biliblər. Amma Azərbaycan bunu çox uğurla həyata keçirə bildi və bugün də həyata keçirməyə davam edir. Azərbaycanın uğurları böyükdür və getdikcə də bu uğurların sayı daha da artacaq. Azərbaycan tezliklə qarşıya qoyulan məqsəd və hədəfə nail olacaq. Qarabağ Azərbacandır. Yaşasın Azərbaycan dövləti, yaşasın Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan. Tanrı dövlətimizi qorusun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR