''Biz başa düşməliyik ki, Laçın koridorunda yerləşdirilmiş qüvvələr...'' -

“Sülhməramlı dəstənin tərkibi, strukturu, funksiyaları və onların fəaliyyətinə nəzarət mexanizmi bizim dövlətin və xalqın etibar etmədiyi ATƏT-in Minsk qrupuna verilməyib. Ona görə narahat olmayın''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc verib.

Millət vəkili qeyd edib ki, ən yüksək hərbi münasibətlərə qədər gəlib çatan Türkiyə-Azərbaycan əlaqələri istər döyüş meydanında mənəvi dəstəyində, istərsə diplomatik və sülh müqaviləsinin müddəlarının işlənməsində, o cümlədən sülhməramlı qüvvələrin fəaliyyətinə birbaşa nəzarəti təmin edir.

''Biz başa düşməliyik ki, Laçın koridorunda yerləşdirilmiş qüvvələrin üzərində nəzarət başqa bir müddəada Azərbaycandadır. Bu çox mühüm müddəadır. Yaxud soruşulur ki, Kəlbəcər, Laçın, Ağdamın adı yazıldığı halda, Xankəndi və digər ərazilər göstərilməyib.

Bunun da cavabı 7-ci maddədədir. Ona görə ki, işğal olunmuş ərazilərimiz iki hissədən ibarətdir: Qarabağın inzibati ərazisi və ətraf rayonları. 7-ci maddədə deyilir ki, məcburi köçkünlər Dağlıq Qarabağ və ətraf rayonlara... Orada kənd-kənd, qəsəbə-qəsəbə ad çəkilmir. Məgər dağ, yamac, bunların hamısı müqavilədə göstərilməlidirmi? Əsla, ona görə bu hərbi qələbənin diplomatik masaya daşınması və zəfər hadisəsidir. Ona görə də biz bunu gerçəkçi bir dillə qiymətləndiririk.

Sənəddə ən mühüm müddəa erməni silahlı qüvvələrinin oradan çıxarılması ifadəsidir. Bu, qarşıdakı dövrdə orada yaşayıb-yaşamayacağından asılı olmayaraq, o bölgədə demilitarist zonanın bərqərar olması Azərbaycanın bütün məkanında ordumuzun təmsilçiyi anlamına gəlir.

Sənəddə Ermənistan ordusu yazılmayıb. Belə olsaydı, natamam olardı. Sənəddə yazılıb ki, erməni qüvvələrinin çıxarılması. O üzdən 1960 nəfərlik heyəti hansı ki, 5-ci maddədə onun da fəaliyyəti, iki gün ərzində intensiv şəkildə keçən Çavuşoğlu-Lavrov, Hulusi Akar-Şoyqu, Ərdoğan-Putin arasında gedən görüşlərdən əldə olunmuş razılaşmaların işləklik tapması, bizə o inamı aşılayır ki, biz torpaq bütünlüyümüzə qovuşmuşuq.

Prosesin yekununu yaxın günlərdə görəycəyik. İndiki halda, ermənilər orda yaşayacaqsa, onların pensiyasını kim verəcək, polis funksiyası kimdə olacaq sualları ilə insanlarımızın ruhunu, birliyini, bütövlüyünü təsirlərə məruz qoymayaq. Əlbəttə, polemikalar çox faydalıdır''.

Zahid Oruc qeyd edib ki, kiminsə narazı mövqeyi dövlət üçün əhəmiyyətlidir, bundan da istifadə etmək güclü hakimiyyət sistemlərinin işidir. Ancaq hər kəs əmin olsun ki, ordunun apardığı döyüş kimi, siyasi masada da diplomatik çalışmalarda da Azərbaycan dövləti qalibiyyətini sona qədər saxlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR