.

"​Dahiliyin Heydər Əliyev zirvəsi" - Fuad Məmmədovun məqaləsi

.

Heydər Əliyev türk dünyasının əzəmətli övladı idi. Onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə polkovniki Fuad Məmmədov "Respublika" qəzetində dərc edilən məqaləsində qeyd edib. Həmin məqaləni təqdim edirik:

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, sarsılmaz iradəsi, tükənməz enerjisi, təcrübəsi, xarizması və sair bu kimi əsl dövlət xadiminə xas keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti qurulmuş, inkişaf etdirilmiş və əbədi mövcud olması üçün bütün sahələr üzrə möhkəm təməllər qoyulmuşdur. Dövləti və milləti qarşısındakı müstəsna xidmətləri dünya şöhrətli siyasətçi Heydər Əliyevə əbədi xalq məhbbəti və Azərbaycanlıların ümummilli lideri adını qazandırmışdır. Sonsuz millət sevgisinin nəticəsidir ki, hər il dekabr ayının 12-i ulu öndər Heydər Əliyev həm ölkəmizdə, həm də ondan kənarda böyük ehtiramla anılır və onun əziz xatirəsi yad edilir.

Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası və qətiyyəti müasir Azərbaycan dövlətini qüdrətləndirərək regionun güc və nüfuz mərkəzinə çevirdi. Dünya şöhrətli böyük Qırğız yazıçısı və diplomatı Çingiz Aytmatov çox haqlı qeyd edirdi ki: “Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir”. Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.

Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunmuşdur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclər payının 30 faizdən yuxarı olması artıq ənənə halını almışdır. Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən ümummilli lider Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır.

1993-cü ildə xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev o dövrdə Azərbaycanda baş alıb gedən böhranın, siyasi hakimiyyətsizliyin, vətəndaş qarşıdurması, digər xoşagəlməz halların qarşısını aldı, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. Ulu öndər qısa müddətdə sabitliyi bərpa etdi, siyasi-iqtisadi böhran aradan qalxdı. Ölkədə mütərəqqi dövlət quruculuğu və iqtisadi islahatların aparılması işləri sürətlə həyata keçirilməyə başladı.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin neft strategiyası xüsusi əhəmiyyət kəsb etdi. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın iqtisadiyyatının güclənməsində dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Bu gün Azərbaycana böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbayan xalqının rifahı naminə uğurlu şəkildə istifadəyə əsaslanır.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək, yeni tariximizi öz əlləri ilə yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar edir, ulu öndərə arxalanırdı. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ən ağır günlərində xalq yalnız onu axtarmış, ona pənah aparmışdı. Böhranlı məqamda xalqının səsinə səs vermiş, ölkəni müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas edərək Azərbaycanı sabit və inkişaf edən dövlətə çevirmişdir. Hər zaman xalqına arxalanan Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Yeni hüquqi islahatlar yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf etdi. Görkəmli dövlət xadimi və təcrübəli siyasətçi kimi Heydər Əliyev çox gözəl bilirdi ki, dövlətin möhkəmlənməsi və inkişafı üçün ilk növbədə hüquqi islahatlar həyata keçirilməli, qanunvericilik bazası təkmilləşdirilməli idi. Məhz Heydər Əliyevin sayəsində respublikamızda ardıcıl həyata keçirilən köklü islahatlarla müasir hüquq standartlarını və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi formalaşdırıldı. Eyni zamanda bu sahədə fəaliyyət göstərən dövlət təsisatları yenidən quruldu.

Hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi elan edən respublikamızda bu sahədə atılan ilk addım ümumbəşəri dəyərlərə və prinsiplərə söykənən Konstitusiyanın qəbulu oldu. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, hüquqi, dünyəvi dövlətin, eləcə də vətəndaş cəmiyyəti quruculuğu əsasında qüdrətli dövlətin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu.

Konstitusiyada ilk növbədə insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olundu ki, bu da Heydər Əliyevin Azərbaycanın demokratik inkişafına və insan amilinə verdiyi önəmin göstəricisi idi. Təsadüfi deyil ki, Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan olunmuşdur. Konstitusiyanın bu maddəsi insanın, onun hüquq və azadlıqlarının cəmiyyətdə ali nemət kimi yüksək dəyərləndirildiyinin bariz nümunəsidir.

İnsan hüquq və azadlıqlarına müqəddəs dəyərlər kimi xüsusi önəm verən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Cinayət Məcəlləsində cəza sistemindən ölüm cəzası çıxarıldı və Azərbaycanın adı müsəlman Şərqində ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən böyük işlər nəticəsində prokurorluq orqanları da yenidən formalaşdırıldı. Hüquqi islahatların nəticəsi olaraq prokurorluq müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, obyektivlik, qərəzsizlik və insan hüquqlarının təmini kimi prinsipləri rəhbər tutan demokratik məzmunlu bir təsisata çevrildi. Vurğulamaq lazımdır ki, Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edildi.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını təmin etmişdir.

Azərbaycanın böyük oğlu, zəmanəmizin ən qüdrətli şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin otuz ildən artıq bir dövrdə Vətəninin, xalqının inkişafı naminə misilsiz xidmətlər göstərməsi, ölkənin ən ağır günlərində ona rəhbərliyi öz üzərinə götürərək, yenicə müstəqillik qazanmış dövləti parçalanıb məhv olmaqdan xilas etməsi bütün dünyada etiraf olunur və həmişə müxtəlif səviyyəli insanların dilindən səslənir.

Heydər Əliyev hər zaman ölkəmizin inkişafının siyasi və iqtisadi məsələlərinin, beynəlxalq problemlərin həllində müdriklik göstərmişdir. O, Cənubi Qafqaz regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan siyasi xadim kimi tanınırdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında, iqtisadi-mədəni inkişafın, müstəqilliyin möhkəmlənməsində əhəmiyətli rol oynamış, çoxsaylı xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, dəyərli tövsiyələrini verir, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka çağırırdı.

Həmvətənlərimizn milli-mənəvi birliyində önəmli hadisə olan bu görüşlər, ümummilli liderimizin hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətləri, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər prioritet məsələnin həllində - diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətinin istiqamət və perspektivlərinin müəyyənləşdirilməsində həlledici amillərdən olmuşdur.

“Azərbaycan mənim ürəyimdir” - deyən Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür etmişdir ki, o, diaspor ilə işi ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq ilk növbədə milli-mənəvi amil kimi irəli sürürdü.

Milli birliyin ilk növbədə mənəviyyat, məfkurə birliyi olduğunu təsbit edən ümummilli lider Heydər Əliyevin 1996-cı ilin iyun, iyul ayında Almaniyaya səfəri zamanı Bonn şəhərində soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: “Hamının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər”.

2001-ci ilin noyabr ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Yüksək səviyyədə keçirilən bu mötəbər məclisə soydaşlarımız müxtəlif ölkələrdən böyük həvəslə gəlmiş, Vətən qarşısında hesabatlarla çıxış etmişlər.

Heydər Əliyev Azərbaycanı regionun iqtisadi cəhətdən inkişaf etmiş ən qüdrətli dövlətinə, siyasi cəhətdən sabit ölkəsinə çevirmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrdə sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilirdi. İş adamlarının üzləşdiyi problemlər vaxtında həll edilir, onlara dövlət dəstəyi verilirdi. Bu məqsədlə Sahibkarlar Şurası da yaradılmışdır.

Vurğulamaq lazımdır ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Azərbaycanın mədəniyyəti də yüksək səviyyədə təbliğ olunmuşdur. Yüksək mənəviyyata malik bir xalq olduğumuzu dəfələrlə bəyan edən dahi şəxsiyyət mənəviyyatımızla, mədəniyyətimizlə hər zaman ehtiyatlı, diqqətli davranmağı tövsiyə etmişdir.

Heydər Əliyevin dərin zəkaya, zəngin təcrübəyə, yüksək intellektual səviyyəyə malik olması ölkəmizi ən yüksək inkişaf etmiş dövlətlər sırasına çıxarmışdır. Onun həyata keçirdiyi siyasi islahatlar nəticəsində respublikamızda demokratiya, siyasi plüralizm, söz və vicdan azadlığı bərqərar olmuşdur.

Ulu öndərin ölkədə apardığı islahatların əsas strategiyası sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldilmiş və bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilmişdir.

O, türk dünyasının əzəmətli övladı idi. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir.

Göründüyü kimi, müasir Azərbaycan dövlətinin banisi, zəmanəmizin böyük siyasi xadimi, dövrünün nüfuzlu söz sahibi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində ölçüyəgəlməz xidmətləri olmuşdur. Onun ən böyük xidmətlərindən biri də, özündən sonra layiqli xələf, Azərbaycanı etibar edəcək bir şəxsiyyət,cənab İlham Əliyev kimi müdrik və vətənpərvər bir lider yetişdirməsi olmuşdur.

Hər bir ölkənin daxili və xarici siyasətindəki uğurları ilk növbədə həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyasının dövrün tələblərinə uyğun tətbiq olunması nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu uğurların əldə olunmasının mühüm şərti ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursun məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək məharətlə davam etdirilməsidir.

Azərbaycan Respublikası Prokurorluğunun, o cümlədən Hərbi Prokurorluğun bütün əməkdaşları da milli maraqlarımıza xidmət edən ulu öndər siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə yaxından iştirak edərək, müdrik siyasəti daim dəstəkləyirlər.

Sirr deyil ki, dövlət başçısı cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında müvəffəqiyyətlə icra edilməsi, müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnmişdir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər zəruri məsələlər dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, eləcə də Respublikamızın davamlı inkişaf yolunda inamla irəlilədiyi beynəlxalq təşkilatların hesabatlarında və nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında da xüsusi vurğulanır. Belə ki, Azərbaycan Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Qeyd etmək lazımdır ki, ulu öndərin ali ideallarının gerçəkləşməsinə, dövlətimizin daha da qüdrətlənməsinə ölkəmizin əldə etdiyi ardıcıl uğurlara yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləşdirmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun istər ölkə daxilində, istərsə də ölkə xaricində gördüyü böyük işlər, reallaşdırdığı əhəmiyyətli layihələr hamı tərəfindən rəğbət və sevinclə qarşılanmış, insanlığın və ədalətin təntənəsinə xidmət edən çoxsaylı təşəbbüsləri və xeyirxah əməlləri isə ona hər kəsin sonsuz məhəbbətini qazandırmışdır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın gördüyü işlər dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də davamlı olaraq geniş yer almaqdadır.

Ölkəmizin uğurlarından danışılarkən II Qarabağ müharibəsindən, bu müharibədə qazandığımız möhtəşəm qələbədən, ümummilli lider Heydər Əliyevin zamanında əsasını qoyduğu Ordu quruculuğu siyasətinin vətən müharibəsindəki əhəmiyyətindən də bəhs etmək zəruridir. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsini hər zaman diqqət mərkəzində saxlayan ulu öndərin rəhbərliyi ilə bu sahədə də müstəsna əhəmiyyətli nəhəng işlər görülmüşdür. Təməli dahi insan Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesi dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunmuş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmışdır. Bununla da Azərbaycan Silahlı Qüvvələri daha da qüdrətlənmişdir. Hərbi hissə və birləşmələrdə nizam-intizam və qanunçuluq daha da möhkəmləndirilmişdir ki, burada Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da özünəməxsus rolu olmuşdur.

Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci il tarixdənbaşlayaraq düşmənlərin törətdikləri növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı gedən 44 günlük döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, xalqımıza layiq olduğu qələbəni qazandırdı. Yeri gəlmişkən, istər əvvəl, istərsə də döyüş əməliyyatları zamanı prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bərabər, həmçinin ordumuza, eləcə də hərbçilərimizə səlahiyyətləri və imkanları çərçivəsində hər cür dəstək göstərmişlər. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm.

Bu gün ölkəmizin qazandığı bütün uğurlar iqtisadi inkişaf, hərtərəfli tərəqqi, həmçinin Vətən müharibəsində qazandığımız zəfər hər birimizi sevindirir və qürurlandırır. Təbii ki, bu uğurlar ulu öndərin mükəmməl siyasətinin və bu siyasəti müasir müstəvidə davam etdirən ölkə başçısı cənab İlham Əliyev dühasının, eləcə də xalq-hakimiyyət birliyinin nəticəsidir. Əminəm ki, qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi, eləcə də onun milləti və dövləti qarşısındakı misilsiz xidmətlərini heç zaman unutmayacaq və böyük tarixi şəxsiyyətin əziz xatirəsini daim ehtiramla yad edəcəkdir.

Fuad Məmmədov,

Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini, ədliyyə polkovniki, hüquq üzrə magistr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR