Mərkəzi Bank ölkədən xarici valyutanın çıxarılmasına münasibət bildirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatları və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirib.

AMB-dən Metbuat.az-a verilən məlumata görə, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

Yoxlanılan dövr ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.

Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu Avroda olan vəsaitlər təşkil edib. AMB-nin 500 avroluq əsginasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əsginasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac etmişlər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb.

“Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub. Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur”, - AMB-dən bildirilib.

Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilmiş və uçotu aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR