Xaçmaz, 28 may, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsindəki turizm obyektləri birinci Avropa Oyunları zamanı regiona gələcək turistləri qarşılamağa hazırlaşır. Oyunlar yay turizm mövsümünün başlanması ilə eyni vaxta təsadüf etdiyindən təşkilatlar tam qüvvələrini hazırlığa səfərbər edib.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında çimərlik mövsümünə iyun ayından start veriləcək. Yeni mövsümün başlaması ilə əlaqədar turizm obyektlərində son hazırlıq işləri həyata keçirilir. Burada əsas diqqət istirahət mərkəzlərində və otellərdə şəraitin daha da yaxşılaşdırılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə yönəlib. Nabran istirahət zonasında 60-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, turistlər istirahətlərini yerli sakinlərə məxsus fərdi evlərdə də keçirə bilərlər.
Xaçmaz Regional Turizm İnformasiya Mərkəzi yeni mövsümün başlanması və birinci Avropa Oyunları ilə əlaqədar istirahət mərkəzlərinin sahibləri ilə görüşlər keçirərək müəyyən təlimatlar verib. Turizm zonasına aparan yolların kənarlarında turistlər üçün informativ xarakterli lövhələr yerləşdirilib.
Birinci Avropa Oyunları zamanı turistlərin üz tutacaqları şimal bölgəsinin rayonları arasında Qusar da var. Buradakı Şahdağ Qış-Yay Turizm Kompleksi iyunun 15-də açılışı olacaq yeni mövsümə və xarici qonaqları qarşılamağa tam hazırdır. Bu istirahət mərkəzində yay mövsümündə turistlər üçün 15-ə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Turistlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzintilər, kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün yırğalanan qalalar, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi, səmtləşmə idmanı və digər xidmətlərdən yararlana biləcəklər. Bu yay mövsümündə istirahət mərkəzində ilk dəfə olaraq açıq havada hovuz istifadəyə veriləcək və burada müxtəlif su əyləncələri təşkil ediləcək. Bununla yanaşı, istirahət mərkəzində turistlər üçün müxtəlif növ əyləncə və idman oyunları da planlaşdırılır.
Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi də turistlərin maraq dairəsində olan yerlərdəndir. Bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir.
Avropa Oyunları zamanı Quba rayonuna gələcək xarici turistlər isə əsrarəngiz təbiət mənzərələri ilə və tarixi abidələrlə zəngin dörd turizm marşrutundan yaralana biləcəklər. Əcnəbilərin daha çox dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə maraq göstərəcəyini proqnozlaşdırmaq olar. Buna görə də yaşayış məntəqəsində xarici vətəndaşların qarşılanması və yerləşdirilməsində iştirak edəcək şəxslər təlimatlandırılıb. Xınalıqda cığırları, tarix və təbiət abidələrini tanıyan, nəqliyyat xidməti təklif edən bələdçilər də var. Bu bələdçilər turistlərə Xınalıqdan Şahdağ yaylağına, Qusar rayonunun Laza kəndinə, ətrafdakı dağlara və yaylaqlara getməkdə kömək edəcəklər. Turistlər Xınalıq Tarix-Etnoqrafiya Muzeyində qədim arxeoloji və etnoqrafik eksponatlarla - kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları ilə, daş kitabələrlə tanış ola biləcəklər.
Əcnəbi turistlərin Qubaya səfərləri zamanı maraq göstərəcəkləri məkanlar sırasında dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksi də var.
Şimal bölgəsində turistləri cəlb edən qədim yerlərdən biri də “Şabran şəhəri” tarixi qoruğudur. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən qədim Şabran şəhərinin qalıqları xarici və yerli qonaqların daim böyük marağına səbəb olur.