Məşhur silah ustası Xalça Muzeyinə xəncər bağışladı

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı xəncərlərin təqdimatı olub.

Azərbaycan Milli Xalça Muzeyindən Metbuat.az-a verilən məlumata görə. Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirilib. Tədbiri muzeyin direktoru Şirin Məlikova açaraq xalqımızı və Azərbaycan Ordusunun əsgər və zabitlərini tarixi gün münasibətilə ürəkdən təbrik edib.

Şirin xanım azərbaycanlı və dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin, sənətkarların, mesenatların böyük məmnuniyyət və güvən hissi ilə öz kolleksiyalarında illərdir qoruduqları dəyərli sənət əsərlərini Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiklərini bildirib. Başda ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olmaqla Heydər Əliyev Fondunun, dövlət və özəl təşkilatların, bir çox xarici kolleksionerlərin bu mədəniyyətə müəssisəsinə olan yüksək etimadını doğrultmağa çalışdıqlarını vurğulayıb.

O, daha sonra Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan bədii silah işi ustası Emin Məmmədova muzeyə müəllifi olduğu xəncərləri hədiyyə etdiyinə görə minnətdarlığını bildirib: “Bu xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub.

İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi zərif buta və digər nəbati naxışlarla bəzədilib. Hər iki xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub”.

Şirin xanım sənətkarın Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabı haqqında da məlumat verib. E.Məmmədovun YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində I yer tutduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov çıxış edərək silahın, həmçinin silahsazlıq sənətinin Azərbaycanın hərb və mədəniyyət tarixindəki mühüm yerindən bəhs ediblər.

Sonda tədbir iştirakçıları müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən xəncərlərə muzeyin “Zərgərlik” fondunda tamaşa ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR