Şəkidə tarixi abidələrin bərpası və yeni turizm məkanlarının yaradılması davam etdirilir.
Metbuat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda, xüsusilə Şəki rayonunun ərazisində yerləşən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda tarixi abidələrin bərpası, eləcə də turistlər üçün yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir.
Bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli məlumat verib.

Onun sözlərinə görə, cari il ərzində “Yuxarı Baş” qoruğunun ərazisində bir neçə yeni turizm məkanı istifadəyə verilib və həmin obyektlər turistlərin böyük marağına səbəb olub.
“Şəki Tarix-Diyarşünaslıq Muzeyində ümumilikdə 3 mindən çox eksponat mövcuddur. Hazırda onların 2 minə yaxını ziyarətçilərə nümayiş etdirilir. Muzeyin yerləşdiyi binada bərpa və ekspozisiya-tərtibat işləri tam yekunlaşdırılıb. Yeni istifadəyə verilən muzey turistlərin böyük marağına səbəb olub.
Eyni zamanda, şəbəkə emalatxanasında bərpa işləri başa çatdırılıb və obyekt muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında Şəki sənətkarları üçün xüsusi iş sahələri yaradılıb. Həmin sahələr bir neçə nəsildir şəbəkə sənəti ilə məşğul olan Rəsulovlar ailəsinə, xüsusilə tanınmış şəbəkə ustası Tofiq Rəsulova və onun tələbələrinə təhvil verilib.
Bundan başqa, ərazidə yerləşən qeyri-yaşayış binalarından birində iaşə obyekti yaradılıb. Bu məkan da turistlərin ən çox ziyarət etdiyi obyektlərdən birinə çevrilib. XIX əsrə aid barıt anbarının binasında isə dulusçuluq emalatxanası təşkil olunub”, – deyə Murad Ağabəyli bildirib.

O qeyd edib ki, Şəkidə yeni muzeylərin və turizm məhsullarının yaradılması istiqamətində layihələr davam etdirilir:
“Hazırda "Yuxarı Baş" qoruğunda Memarlıq Muzeyinin yaradılması istiqamətində işlər aparılır. Bununla yanaşı, Kiş kəndində yerləşən tarixi məscidin bərpası həyata keçirilir. Tarixi hamamlarda da bərpa işlərinə başlanılıb. Qala divarlarının daxilindəki döşəmə örtüyünün yaxın vaxtlarda yenilənərək turistlərin istifadəsinə verilməsi nəzərdə tutulur”.
Murad Ağabəyli Şəki Xan Sarayına turist axını ilə bağlı statistik göstəriciləri də açıqlayıb.
“Cari ilin ilk doqquz ayı ərzində "Yuxarı Baş" qoruğunda yerləşən Şəki Xan Sarayını 128 min turist bilet alaraq ziyarət edib. Təxminən 50 min nəfər isə saraya ödənişsiz giriş imkanı əldə edib. Biletlə daxil olan ziyarətçilərin 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib.

Qeyd etmək istəyirəm ki, bu rəqəmlər ümumilikdə Şəkiyə gələn turistlərin sayını deyil, yalnız Xan Sarayını biletlə ziyarət edən şəxslərin statistikasını əks etdirir”, – deyə o vurğulayıb.
Mərkəzin İdarə Heyətinin sədri əlavə edib ki, qoruqların ziyarətçi statistikası il ərzində rüblük əsasda ictimaiyyətə təqdim olunur, ilin sonunda isə yekun göstəricilər açıqlanır.