Şəkini tanımaq üçün təkcə onun qədim küçələrini gəzmək kifayət etmir. Bəzən bir muzeyin qapısından içəri daxil olmaq şəhərin illər əvvəlki həyatına səyahət etmək deməkdir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyini gəzərkən diqqətimi çəkən ilk məqamlardan biri burada nümayiş olunan əşyaların sadəcə tarixi eksponat deyil, həm də vaxtilə insanların gündəlik həyatının bir hissəsi olması idi.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Qədim məişət əşyaları, bəzək nümunələri, əl işləri və ev interyerinə aid detallar keçmişdə Şəkidə insanların necə yaşadığını təsəvvür etməyə imkan verir.

Xüsusilə ənənəvi Şəki evlərinə məxsus şəbəkə pəncərələr, buxarılar, güzgülər və işıqlandırma vasitələri diqqət çəkir. Bu nümunələrə baxarkən hiss olunur ki, qədim Şəki evlərində yalnız rahatlığa deyil, gözəlliyə və incə zövqə də xüsusi önəm verilib.

Muzeydə məni maraqlandıran digər məqam qədim əlyazmalar və onların oxunması üçün istifadə edilən rəhillər oldu. Bu əşyalar Şəkidə vaxtilə mövcud olmuş təhsil və kitab mədəniyyəti haqqında təsəvvür yaradır.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Burada nümayiş olunan mətbəx nümunələri də maraqlıdır. Onlar Şəkinin zəngin kulinariya ənənələrinin yalnız bu günə deyil, keçmişə də bağlı olduğunu göstərir.

Ən maraqlısı isə odur ki, bu muzeydə hər əşyanın arxasında bir insanın, bir ailənin, bəzən isə bütöv bir dövrün hekayəsini təsəvvür etmək mümkündür.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Muzeyin digər maraqlı eksponatlarından biri qədim hamam sandığıdır. Vaxtilə qadınlar hamama gedərkən qiymətli bəzək əşyalarını belə sandıqlarda saxlayırdılar. Bu kiçik əşya keçmişin gündəlik məişəti haqqında maraqlı təsəvvür yaradır.

Burada qəhvə dəmləmək üçün istifadə olunan qədim samovar da qorunur. İndiki məişət texnikası ilə müqayisədə sadə görünən bu əşya o dövrün özünəməxsus qonaqpərvərlik və süfrə mədəniyyətini xatırladır.

Digər diqqətçəkən nümunələr arasında tısbağa formasında hazırlanmış saxsı dolça, qədim taxıl küpləri və müxtəlif dövrlərə aid sikkələr var. Bu əşyalar həm sənətkarlıq bacarığını, həm də Şəkinin keçmiş iqtisadi və məişət həyatını əks etdirir.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Şəki Tarix-Diyarşünaslıq Muzeyində üç mindən artıq maddi-mədəni dəyərə malik eksponat saxlanılır. Onlardan 1826-sı sərgi zallarında nümayiş etdirilir.

Muzeyin diqqətçəkən eksponatlarından biri Nəriman Nərimanovun 1920-ci ildə Yevlaxdan Şəkiyə səfəri zamanı istifadə etdiyi bildirilən tarixi faytondur.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Muzeyi gəzərkən diqqətimi çəkən guşələrdən biri də Şəkinin qədim ipəkçilik və kəlağayı sənətinə ayrılan bölmə oldu. Burada rəngarəng kəlağayılar, ipək parçalar, xalçaçılıq alətləri və XVIII–XIX əsrlərə aid təkəlduz sənəti nümunələri sərgilənir.

Amma ən çox diqqət çəkən qadınların keçmişdə geyindiyi milli libaslar və onlarla birlikdə istifadə olunan zinət əşyalarıdır. Zərif naxışlar, gözoxşayan rənglər, incə işlənmiş bəzəklər...

Bütün bunlar o dövrün Şəki qadınlarının necə zövqlə geyindiyini göstərir. Hər bir geyimin, hər bir bəzək əşyasının özünəməxsus gözəlliyi var. Bu guşəyə baxanda sanki qədim Şəki xanımlarının gündəlik həyatından və bayram məclislərindən kiçik bir mənzərə göz önündə canlanır.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Burada həmçinin Şəkinin Küdürlü kəndi yaxınlığında aşkar edilmiş, eramızdan əvvəl I minilliyin əvvəllərinə aid edilən tısbağa formalı saxsı dolça da qorunur. Qədim hamam sandıqları, misgərlik nümunələri və digər etnoqrafik əşyalar Şəki əhalisinin keçmiş məişət həyatını, adət-ənənələrini və sənətkarlıq mədəniyyətini əks etdirir.

Mediatur çərçivəsində növbəti dayanacağımız Şəki Dövlət Rəsm Qalereyası oldu. Burada bizi təkcə rəsm əsərləri deyil, həm də tarixin nəfəsini yaşadan bir məkan qarşıladı. Qalereyanın yerləşdiyi tarixi bina 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən özünəməxsus memarlıq xüsusiyyətləri qorunmaqla bərpa edilib.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

İçəri daxil olduqda isə tamam başqa bir ab-hava hiss olunur. Divarları bəzəyən rəsm əsərləri, rənglərin ahəngi və sənətkarların fərqli baxış bucaqları insanı bir anlıq gündəlik həyatın səs-küyündən uzaqlaşdırır. Burada hər tablonun öz hekayəsi, hər rəngin isə sanki öz dili var.

Qalereyanın fondunda ümumilikdə 361 eksponat qorunur. Onlardan 71-i ziyarətçilərin baxışına təqdim edilir, 290-ı isə fond otağında saxlanılır. Sərgilənən nümunələrin 61-ni rəsm əsərləri, 10-nu isə heykəltəraşlıq nümunələri təşkil edir. Rəsm əsərləri arasında 25 qrafika, 31 rəngkarlıq və 5 dekorativ-tətbiqi sənət nümunəsi yer alır.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Bu rəqəmlərin arxasında isə böyük bir yaradıcılıq dünyası dayanır. Bir tabloda rənglərin canlılığı, digərində cizgilərin incəliyi, heykəllərdə isə sənətkarın daş və digər materiallara verdiyi forma diqqəti cəlb edir. Qalereyanı gəzərkən bir daha hiss edirsən ki, incəsənətin gözəlliyi də elə bundadır, eyni əsərə baxan hər kəs orada özünə məxsus bir duyğu, bir məna tapa bilir.

Şəkinin 100 illik muzeyində gizlənən tarix -

Şəki Tarix-Diyarşünaslıq Muzeyindən ayrılarkən bir daha anlayırsan ki, tarix yalnız kitablarda yazılan hadisələrdən ibarət deyil. Bəzən bir qapı zəngi, qədim sandıq, saxsı qab və ya köhnə fayton bizə keçmiş haqqında uzun-uzadı mətnlərdən daha çox şey danışa bilir.