Lerik, Lənkəran və Astarada yeni arxeoloji abidələr aşkarlandı

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Folklor, etnoqrafiya və arxeologiya şöbəsində Lənkaran-Astara bölgəsinin tarixi, etnoqrafiyası, eləcə də abidələrinin aşkar olunması ilə bağlı əhəmiyyətli işlər görülür, mühüm tədqiqatlar aparılır.

Metbuat.az-a AMEA-dan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən Lənkəran və Lerik rayonları ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində bir neçə yeni arxeoloji abidə qeydə alınıb. Aşkar olunan abidələr son tunc və erkən dəmir dövrünə, eləcə də orta əsrlərə aiddir.

Həmçinin Lerik rayonunun Cayrud və Veri kəndlərinin arasındakı otlaq sahəsində 5 yeni kiçik və orta ölçülü kurqan aşkar edilib. Bu kurqanların əsasən son tunc və erkən dəmir dövrünə aid olması ehtimal edilir. Kurqanların örtükləri torpaq və daş töküntüsündən ibarətdir. Çayrud və Rvarud kəndlərinin ərazisində isə daş qutu nekropolları aşkar olunub. Bu nekropolları e.ə. II-I minilliklərə aid etmək olar.

Bundan başqa, Lənkəran rayonun Yuxarı Nüvədi kəndinin ərazisində aparılan təsərrüfat işləri zamanı sahəsi 1 hektardan artıq olan orta əsrlərə aid yaşayış yeri tapılıb. Həmin ərazidən orta əsrlərə aid şirli və şirsiz keramika nümunələri əldə edilib. Saxsı məmulatının ilkin təhlilinə əsasən, yaşayış yerini X-XIV əsrlərə aid etmək olar.

Azərbaycanın və Cənubi Qafqazın tarixində əhəmiyyətli abidələrdən hesab olunan Telmankənd kurqanlarının yaxınlığında antik dövrə aid yaşayış yeri qeydə alınıb. Abidə ilə bağlı yerüstü ilkin tədqiqatlar onun sahəsinin təqribən 1 hektardan artıq olmasını təsdiqləyir. Telmankənd antik dövrə aid yaşayış yeri ərazisində yaşayış evləri tikildiyindən və şumlandığından mədəni təbəqə qismən dağıntıya məruz qalıb.

Bununla yanaşı, Cənub-Şərq regionunda tapılmış, eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrü özündə əks etdirən sikkələrin tədqiqi regionun numizmatikasının öyrənilməsi istiqamətində əhəmiyyət kəsb edir.

Arxeoloji kəşfiyyat işləri zamanı əməkdaşlar tərəfindən Lerik rayonun Mistan kəndi ərazisində son tunc və ilk dəmir dövrünə aid olması ehtimal edilən 5 yeni iri və orta ölçulu kurqan aşkar edilib. Bu kurqanların diametri 20-30 m, hündürlükləri 3-5 m təşkil edir. Bundan başqa, rayonun Xəlifə kəndi ərazisində yerli əhalinin “Kavur qəbirləri” adlandırdığı 3 kurqanın qalıqlarına rast gəlinib. Həmin kurqanlar kəndə yol çəkilişi zamanı dağıdılıb.

Lerik rayonun Halabın kəndinin yaxınlığında isə ümumi sahəsi 1 hektardan artıq olan son tunc və ilk dəmir, orta əsrlərə aid qədim qəbirstanlıq tapılıb. Halabın qəbristanlığının ərazisində orta əsrlərə aid edilən həndəsi və nabati naxışlarla bəzədilmiş başdaşları və sındırılmış qoç fiqurları aşkar edilib.

Bununla yanaşı, bölgənin folklor, etnoqrafiyası ilə bağlı tədqiqatların aparılması məqsədilə Astara rayonunun Sım yaşayış yeri, Bəlləbur qalası ilə bağlı araşdırmalar aparılıb, əldə edilən nəticələr ümumiləşdirilib.

Astara rayonunun Sım kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər aşkarlanıb. Bu təsvirlər üslübuna görə Qobustanın qayaüstü təsvirlərinə yaxın anologiya təşkil edir. Ərazinin rütubətli iqlimi qayastü təsvirlərin bir çoxunun qayalardakı mamırların altında qalması ehtimalı yaradır.

Qeyd edək ki, yaxın zamanda Sım qayaüstü təsvirləri ilə bağlı kompleks arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR