Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının son plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.
Əvvəlcə Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinə, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2015-ci il 15 yanvar tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin, “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi barədə qanun layihələrinə baxılır. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında, “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, miqrasiya, cinayət, inzibati xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək. İclasda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirə ediləcək.