​“Qaraçılar kralı”nın azərbaycanlı xanımı -

Azərbaycanın Əməkdar artisti, Rusiya Federasiyasının Xalq artisti Tamilla Ağamirova dünyasını dəyişib.

Bu barədə Rusiyadakı “Romen” teatrı məlumat yayıb. Xatırladaq ki, Tamella xanımın həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko da bu yaxınlarda 2021-ci il iyulun 2-də vəfat edib.

Metbuat.az modern.az-a istinadla Tamilla Ağamirovanın vəfatı ilə əlaqədar onun barəsində 2014-cü ildə yayımladığı yazını yenidən oxucuların diqqətinə çatdırır.

***
Teatr və kino aktrisası, rəqqasə və dövrünün ən füsunkar qadınlardan biri kimi tanınan Tamilla Ağamirovanın adı Azərbaycanda orta və gənc nəsil üçün yəqin ki, tanış deyil. Halbuki, Bakıda anadan olan, 50-60-cı illərdə çəkilən bir çox Azərbaycan filmlərində rol alan Tamilla Ağamirova həyatını qürbətlə bağlayan ən məşhur azərbaycanlılardan biridir. 60 ildən artıqdır ki, Rusiyada yaşayan azərbaycanlı xanım maraqlı həyat tarixçəsi, qaraçı əsilli SSRİ Xalq artisti (1981), aktyor və müğənni Nikolay Sliçenko ilə uzun illərdi ki, davam edən xoşbəxt evlilik həyatı və peşəkar karyerası ilə daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, karyera xidmətlərinə görə aktrisaya Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, Beynəlxalq Akademiya Teatrının fəxri magistrı və ən əsası, 1988-ci ildə Rusiyanın Xalq artisti fəxri adı verilib. O, həm də "Maski" Fondunun vitse-prezidentidir.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakı şəhərində anadan olub. Onun atasi Sucay Ağamirov bəy nəslindən idi və hər üç övladının (2 qız, 1 oğlan) hərtərəfli təhsil almasına çalışırdı. Lakin 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən də yan keçmədi. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edildilər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürüb. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayırdı. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək oldu. Həm zahiri gözəlliyi, həm də daxili istedadı ilə Moskvanı fəth etmək barədə düşünən 18 yaşlı Tamilla bu yolda ilk addım olaraq Bakı Teatr Məktəbinə daxil olur. Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində çoxdan görməyi arzuladığı Moskvaya gedir. Və elə ilk imtahandaca münsifləri valeh edərək birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur. SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR