Prokurorluq orqanlarında yenilənmə və inkişaf prosesi daimidir

Respublikamızın dövlət qurumları sırasında xüsusi statusu olmaqla, fəaliyyəti konstitusiya normaları ilə nizamlanan Azərbaycan Respublikası Prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, bir o qədər də şanlı inkişaf yolu keçmişdir. Müxtəlif dövrlərin çətin sınaqlarından keçən prokurorluq orqanları bütün bu sınaqlardan alnıaçıq, üzüağ çıxaraq dövlətçiliyimizin maraqlarına xidmət edən demokratik bir quruma çevrilib. Müstəqil Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlamışdır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövrün olduqca ağır, mürəkkəb şəraitinə baxmayaraq, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri çərçivəsində böyük işlər görmüşdür.

Metbuat.az xəbər verir ki, bu fikirlər Qubadlı hərbi prokuroru vəzifəsini icra edən, ədliyyə mayoru Elşən Mürsəlovun "Xalq" qəzetində dərc edilən məqaləsində qeyd olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik.

Heç kəsə sirr deyil ki, XX əsrin 90-cı illərində yenicə müstəqillik qazanan respublikamızda AXC-Müsavat hakimiyyəti dövründə ölkəmizdə baş verən daxili qarşı­durmalar, anarxiya və xaos dövlət quruculuğumuza böyük zərbə vurmuşdur. Həmin dövrdə bir neçə rayon prokuroru müxtəlif cinayətkar qruplaşmalar tərəfindən qətlə yetirilmişdir. Məhz belə bir qarışıq dövrdə xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdı­şından sonra ölkə ərazisində hökm sürən özbaşınalığa, idarəsizliyə, insanlarda hüquq-mühafizə or­qanlarına inamsızlığa son qo­yuldu. Ölkənin güc strukturları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində dönüş yarandı, bir çox təhlükəli cinayətkar silahlı birləşmə zərərsizləşdirildi. Baş Prokurorluğun rəhbərliyi ilə digər hüquq-mühafizə orqanları ilə birgə aparılan bir sıra ağır dövləti cinayətlərin istintaqı nəticəsində bəzi cinayətkarların xarici ölkələrdən Azərbaycana eks­tradisiyası təmin edildi.

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan Prokurorluğu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və onun hakimiyyətdə olduğu illər ərzində xalq qarşısında öz layiqli yerini tutmuş, dövlətçiliyimizin təməllərindən hesab edilən mühüm təsisata çevrilmiş və hazırda ümum­milli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində öz üzərinə düşən vəzifələri uğurla davam etdirir. Qeyd edək ki, pro­kurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndərin xüsu­si diqqəti və qayğısı nəticəsində re­allaşmışdır. Belə ki, prokurorluq bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Lakin ümummilli lider Heydər Əliyev Xalq Cümhuriyyəti dövründə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorlu­ğun fəaliyyətə başlaması haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 okt­yabr tarixli qərarını əsas götürərək, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsini reallaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublika­mızda həyata keçirilən islahatlar məhkəmə-hüquq sahəsindən də yan ötməmişdir. Bu islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən, demokratik və milli prinsiplərə əsaslanan "Prokurorluq orqanlarında qulluq keçmə haqqın­da", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişan­ları və xüsusi geyim forması haqqın­da", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Proku­rorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” əsasnamələr və digər normativ sənədlər ha­zırlanmışdır. Bununla da, proku­rorluq orqanlarının fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qədəm qoymuşdur.

2002-ci ildə Azərbaycan Res­publikası Prokurorluğu tarixində ilk dəfə olaraq qulluğa qəbul aşkarlıq və şəffaf prosedur qay­dada, müsabiqə əsasında həyata keçirilmişdir. Həmin ildən etibarən, Prokurorluq orqanlarına qəbul Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə əlaqəli, tam aşkarlıq şəraitində, dövlət qurumla­rı, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatlar, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçi­rilmiş, təşkil olunan 20 müsabiqə nəticəsində ümumi prokurorluq işçilərinin 70 faizini təşkil edən 902 gənc hüquqşünas işə qəbul edilmişdir.

Cənab İlham Əliyevin 2003-cü ildə xalq tərəfindən prezident seçilməsindən sonra, digər bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da islahatlar aparılmış­dır. Prokurorluq orqanları ümummil­li lider Heydər Əliyevin hakimiyyəti dövründə olduğu kimi, yenə də daim diqqət və qayğı ilə əhatə edilmişdir. Bunun sayəsində hazırda prokurorluq orqanlarında kifayət qədər peşəkar, Vətənə, dövlətimizə xidmət edən, sədaqətli kadrlar vardır ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların nəticəsidir.

Beləliklə, ötən 18 il ərzində Pre­zident İlham Əliyevin dövrün nəbzini tutmaqla reallaşdırdığı yeni islahat­lar hüquq-mühafizə sistemindən də yan ötməmiş, bu sahədə yeni keyfiyyət dəyişikliklərinə şərait yaratmışdır. Bu mənada xüsu­si qeyd olunmalı məsələlərdən biri də, ölkə başçısının 27 sent­yabr 2008-ci ildə imzaladığı sərəncamdır. Sərəncama əsasən, həyata keçirilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanları­nın fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensia­lının gücləndirilməsi, peşəkarlığın və təcrübənin artırılması, eləcə də qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərin sosial müdafiəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Bütün bun­ların nəticəsində qanunun aliliyinin, xalqın və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının mühafizəsində pro­kurorluğun rolu daha da artmışdır. Bundan əlavə, həmin dövlət proq­ramı prokurorluq orqanlarında yeni elmi-texniki nailiyyətlərin istifadə edilməsinə, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırıl­masına, ümumilikdə prokurorluq orqanlarının işinin günün tələblərinə uyğun şəkildə qurulmasına imkan vermişdir.

Ölkə başçısının hərtərəfli düşü­nülmüş uzaqgörən dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasət, uğurla həyata keçirilən islahatlar nəticəsində respublikamızda sabitlik təmin edilib. Bununla paralel olaraq, prokurorluq orqanlarının üzərinə qo­yulan vəzifələrin icrası istiqamətində əsaslı dəyişikliklər edilmişdir. Belə ki, iş yükünün əsassız artırılma­sına, bürokratizmə, lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran müddəaların aradan qaldırılmasına, şəffaflığın yüksək səviyyədə təmini diqqətə alınmaqla, yeni islahatlar mərhələsinə keçid reallaşdırılmış, Prezident İlham Əliyevin göstərişi ilə baş prokuror təyin edilmiş Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə Azərbaycan Prokurorluğunda yeni dövrə qədəm qoyulmuşdur.

Prezident İlham Əliyev 2020-ci il mayın 1-də Kamran Əliyevi baş prokuror vəzifəsinə təyin edərkən bir sıra xüsusi, təxirəsalınmaz tapşı­rıqlar vermişdir. Dövlət qurumunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu mənada daha ciddi tədbirlərin həyata keçirilməsi, yeni struktur və kadr islahatları­nın həyata keçirilməsi, qurumun yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində verilən tapşırıqlar prokurorluq or­qanlarında həyata keçirilən müasir islahatların təməlini təşkil edir. Bir neçə gün sonra – mayın 12-də Baş Prokurorluqda vidoekonfrans rejimində əməliyyat müşavirəsi keçirilmişdir. Burada “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqan­larında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olun­muş, bununla da əsaslı struktur və kadr islahatlarının reallaşdırılması­na başlanılmışdır. Fəaliyyət planının təsdiq edilməsindən sonra qurumda bir sıra köklü dəyişikliklər həyata keçirilmişdir.

Ölkə başçısı kadr islahatları ilə bağlı demişdir: “Kadr islahatları apa­rılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlar­da təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər”.

Qeyd etdiyimiz bütün bu faktlar onu göstərir ki, dövrün çağırış və tələblərinə uyğun olaraq proku­rorluq orqanlarının keçdiyi inkişaf yolu dinamik olmuşdur. Bunun nəticəsində hüquq sisteminin apa­rıcı qolu olan prokurorluğun status və səlahiyyətlərində mütərəqqi dəyişikliklər baş vermişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluğa daim diqqət və qayğı göstərilir. İş fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial problemlərinin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əməkdaşlarımızın yüksək dövlət mükafatlarına və ali xüsusi rütbəyə layiq görülməsi, onların sosial vəziyyətinin yaxşılaş­dırılması və maddi-texniki baza­nın gücləndirilməsi üçün görülən tədbirlər fəaliyyətimizin daha da səmərəli olmasına gətirib çıxarır.

Fərəh hissi ilə qeyd etmək istərdim ki, prokurorluq orqanla­rında yenilənmə və inkişaf prosesi daimidir. Hər il gənc və perspektivli kadrlar işə götürülür və vəzifədə irəli çəkilir. Baş prokuror Kamran Əliyev və hərbi prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə prokurorluq orqanla­rında sağlam ədalət prinsiplərinə uyğun fəaliyyət mühitinin qoru­nub saxlanılmasına xüsusi diqqət yetirilir. Əminliklə söyləmək olar ki, indiyədək həyata keçirilən islahatla­rın nəticəsində xalqımızda proku­rorluq orqanlarına inam və etimad daha da artmış, qurumumuzun ictimai nüfuzu daha da yüksəlmişdir.

Respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahat­ları Hərbi Prokurorluqdan da yan ötməmişdir. Bu mənada Vətən müharibəsindən sonrakı döv­rü xüsusi qeyd etmək lazımdır. Belə ki, ötən il sentyabr ayının 27-də əks-hücumla başlanan və Silahlı Qüvvələrimizin tarixi qələbəsi ilə nəticələn II Qarabağ müharibəsindən sonra Hərbi Proku­rorluğun üzərinə düşən məsuliyyət bir qədər də artdı. Qeyd edim ki, Vətən müharibəsinin başlanma­sından bir neçə gün əvvəl Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev, hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olmuş, müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlər keçirmiş və onların mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırıl­ması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın hüquq qaydalarının möhkəmləndirilməsi, eləcə də digər mühüm məsələlər barədə söhbətlər aparmışlar. Görüşlər zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı­nın ordumuz qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılmışdır.

Bu da Prezident İlham Əliyevin Ermənistanda, eləcə də bölgədə baş verən siyasi hadisələri düzgün analiz etdiyini, uzaqgörən xarici siyasətlə baş verə biləcək hər cür vəziyyətə hazırlıqlı olduğunu göstərir. Məhz bu uzaqgörənlik Azərbaycanın Vətən müharibəsindəki ən böyük üstünlüklərindən biri idi.

Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti ilə bağlı islahatlar davam etdirilərək bu il aprelin 1-də işğaldan azad edil­miş ərazilərdə yeni hərbi prokuror­luqlar Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Qa­rabağ Hərbi Prokurorluğu əsasında Ağdam Hərbi Prokurorluğu yara­dılmış, Füzuli Hərbi Prokurorluğu­nun Füzuli şəhərinə köçürülməsi və yeni yaradılmış prokurorluqlar üçün lazım olan bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrin təmin edilməsi məqsədilə tədbirlər görülməsi qərarlaşdırılmışdır. Bu istiqamətdə işlər hazırda uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlar, şübhəsiz ki, bun­dan sonra da öz müsbət nəticələrini verəcəkdir. Prokurorluq orqanların­da yaradılan şərait, peşəkar, eləcə də gənc və perspektivli kollektiv, onların səmərəli iş fəaliyyəti imkan verəcək ki, ölkə başçısının tapşı­rıqları bundan sonra da layiqincə icra edilsin. Hər bir prokurorluq işçisi vətəndaşların və ictimaiyyətin onların işindən razı qalması üçün bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcək, üzərlərinə düşən bu şərəfli vəzifəni layiqincə yerinə yetirəcəklər.

Elşən MÜRSƏLOV,

Qubadlı hərbi prokuroru vəzifəsini icra edən,

ədliyyə mayoru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR