General rütbəsindən məhrum edilən Əhməd Əhmədov KİMDİR? -

Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmiş və Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Metbuat.az xəbər verir ki, Əhməd Əhmədov 1990-cı ildən daxili işlər orqanlarında xidmət etməyə başlayıb. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilmişdir.

Ailəlidir. Dörd övladı var.

Eyni zamanda, Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar da məlum olub.

“Qafqazinfo”nun məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, sabiq nazir Ə.Əhmədov həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib.

Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.

Əhməd Əhmədovun qardaşı, polkovnik Əvəz Əhmədov da 2019-da həbs edilmişdi. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu girov götürərək pul tələb etməkdə, daha sonra buna görə H.Əsgərovun qohumu Rəşad Tahirovdan 140 min dollar almaqda ittiham edilirdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Əhmədovun günahsız olduğu qənaətinə gələrək ona bərəat vermişdi. Ə.Əhmədov məhkəmə zalından azadlığa buraxılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR