Azərbaycan və İraq arasında 2 sənəd imzalanıb

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib.

Metbuat.azKOBİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İraq iqtisadi əməkdaşlığının inkişaf etdiyini, bu istiqamətdə xüsusilə kiçik və orta sahibkarların əməkdaşlığa cəlb edilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. O, qeyd edib ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır. KOBİA-nın fəaliyyəti barədə məlumat verən O. Məmmədov Agentliyin ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən İraq iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb, sahibkarları dəyirmi masa çərçivəsində fəal müzakirələrə dəvət edibİraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri ölkəsinin Azərbaycana investisiya qoyuluşunda, yerli məhsullarımızın İraq bazarına çıxarılmasında, iş adamları arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində Fondun gördüyü işlər barədə məlumat verib, işgüzar əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

İraqın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov ölkələrimiz arasında əlaqələrə dair məlumat verib, bu cür tədbirlərin iki ölkənin biznes dairələrinin əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Azərbaycan və İraq iş adamları, sənaye parkları və biznes assosiasiyaların nümayəndələri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.Dəyirmi Masa çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri imzalayıblar. Sənəddə KOB-ların dəstəklənməsinə dair təcrübə mübadiləsi, Azərbaycan və İraq KOB-ları arasında əlaqələrin qurulmasının təşviqi kimi məsələlər öz əksini tapıb.

Tədbir zamanı həmçinin, Azərbaycanın Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Bakıda səfərdə olan İraq Ticarət Palataları Federasiyasının nümayəndələri və sahibkarlar KOBİA-da və digər qurumlarda, biznes strukturlarında görüşlər keçiriblər. İraq nümayəndə heyəti səfər çərçivəsində Pirallahı Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, eləcə də bir sıra sənaye müəssisələrində istehsal prosesi ilə tanış olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR