Təbiəti öz əlləri ilə zibilləyən cəmiyyətin ekoloji problemləri -

Təbiəti insanlara sevdirən, cazibəsinə salan da onun təbiiliyidir. Lakin indi təbiilikdən demək olar ki, əsər - əlamət qalmayıb. Xüsusilə də, insanların sıx məskunlaşdığı yerlərdə ekoloji problemlər özünü çox göstərir. Yol boyu ətrafa boylansan, insanların əllərindəki zibilləri yerə tulladıqlarını görürsən. Zibil qutularının olduğu yerlərdə belə zibillər ətrafa səpələnib. İfunət iyindən təmiz havanı içinə çəkməkdə çətinlik çəkirsən. Bu problem təkcə yaşayış bölgələrində deyil, eyni zamanda ətraf ərazilərdə, parklarda da müşahidə olunur. Bütün bunlar ölkəmizi ekoloji problemlərlə üz-üzə qoyur. İnsanlar təbiətə çox ciddi ziyan vurur.

Görəsən, hazırda hansı ekoloji problemlərlə üz-üzəyik? Ekologiyamızın təmizliyi nə yerdədir?

Metbuat.az xəbər verir ki, Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev hazırda ölkəmizdə müşahidə olunan ekoloji problemlərdən danışıb. Müsahibim deyir ki, ölkəmizdə müşahidə olunan əsas problemlər səhralaşma, şoranlaşma və ətraf mühitin çirklənməsi problemləridir:

Dünyada mövcud olan ekoloji problemlər bizim ölkəmizə də xasdır. Əlbəttə, bunlardan ən birincisi ekoloji qlobal problemlərdən olan səhralaşma problemidir. Son illər bizim ölkəmizdə də quraqlıq müşahidə olunur. Bildiyimiz kimi, Azərbaycanın əksər regionları, demək olar ki, bütün ölkə quraqlıqla üz-üzədir. Səhərlaşma prosesi hər il irəliləyir. Digər tərəfdən meşələrin düzgün qorunmaması, meşələrin qırılması ilə bu prosesi daha da sürətləndirir.

Düşünə bilərik ki, səhralaşma prosesinə meşələrin qırılmasının nə kimi təsiri ola bilər. Qeyd etmək istəyirəm ki, bunlar bir – birinə bağlıdır. Atmosferdə rütubət faizinin yüksəlməsi birbaşa meşələrin mövcudluğu ilə əlaqədardır. Meşələr olmasa, rütubət olmur. Rütubətin aşağı düşməsi səhralaşma prosesinə, eyni zamanda onun birinci əsas səbəbi olan quraqlığa təkan verir. Bununla da səhralaşma prosesi sürətlənir.

Cəmşid Quliyev

İkinci yerdə duran əsas problem Azərbaycan üçün xarakterik olan şoranlaşma problemidir. Əslində, bu problemin həlli digər ekoloji problemlərlə müqayisədə rahatdır. Belə ki, şoranlaşmış torpaqların yenidən yararlı torpaqlara çevrilməsi mümkündür. Lakin bu da böyük bir xərc tələbedir. Ölkəmizdə şoran torpaqlarla mübarizə çox ləng edir.

Cəmşid Quliyev ölkəmizdə ən çox müşahidə olunan ətraf mühitin çirklənməsi problemlərinə də toxunub:

Avtomobil, məişət, sənaye tullantıları ilə atmosfer daim çirklənir. Bu da çox böyük problemdir. Ümumiyyətlə, su hövzələri, atmosfer daim çirkləndirilir. Kiçik dağ çaylarının ətrafında yerləşən kəndlərin tullantıları həmin çaylar vasitəsilə axıdılır. Bəziləri Kür çayının qolları olduğu halda, heç Kürə çata bilmir. Amma həmin çay hövzələri tamamilə çirkləndiyinə görə bu çaylardan istifadə effektliyi aşağı düşür və çaylar qurumağa doğru gedir. Həm quraqlıq, həm də çirklilik bu prosesi daha da sürətləndirir.

Bəs ekologiyanın təmizliyi üçün daha hansı əlverişli yollara əl atılmalıdır?

Məişət tullantılarının idarə edilməsi elə çox effektiv tədbir olardı. Bu tədbir tək Bakını yox, bütün ölkəni əhatə etməlidir. Bundan başqa, meşələrin mühafizəsi bir qayda olaraq, meşələrdən oduncaq və tikinti materialı kimi yararalanmaq istəyən, cibini doldurmaq istəyən insanlardan qorunmalıdır. Eyni zamanda, atmosfer, məişət tullantılarından, ətraf mühit, su hövzələrinin qorunması çox vacib məsələ kimi qarşımızda olmalıdır.

Xəzərin sahilində tez- tez ölü heyvanlara rast gəlinir. Bunun əsas səbəbi ölkədə müşahidə olunan ekoloji problemlər ola bilərmi?

Təqribən 15 il bundan əvvəl Ekoloq Jurnalsitlər Birliyi Xəzərdə monitorinq keçirib. Dənizdə və quruda yaşayan heyvanların meyitləri ilə rastlaşdıq. Xəzərin sahilləri sanki meyitxana idi. Burada təkcə insanların olduğu yerlər nəzərdə tutulmur. Elə yerlər var ki, oraya insan ayağı dəymir. Monitorinq zamanı buralarda nə qədər canlıların tələf olduğunu müşahidə etdik.

Əlbəttə ki, bu, dəniz sularının çirklənməsi ilə birbaşa bağlıdır. Oradakı heyvanların yaşaması üçün dənizdə şərait yoxdur. Dəniz mühiti çirkli olduğuna görə dalğalar ölü heyvanları sahilə atır. Dəniz sularının təmizliyi oraya axıdılan tullantı suları, çayların təmizliyindən asıldır. Ona görə də dənizə axıdılan bütün çıxışlar təmizlənməlidir.

Bütün tullantı suları Xəzərə yalnız təmizlənərək axıdılmalıdır. Amma başqa ölkələrdən də başlanğıcı götürən çaylar var ki, Xəzərə axır. Həmin ərazilərdəki tullantı sularını da Xəzərə gətirir.

Ekologiyanın təmizliyi təkcə rəsmi qurumların gördüyü iş deyil. Burada insan amili də mühüm rol oynayır. Bəllidir ki, təbiəti, ətraf mühiti çirkləndirən insandır, zibili çaya, dənizə tökən də. Ona görə də sağlamlığımız, ekologiyamız, aldığımız təmiz nəfəs belə öz əlimizdədir.

Qeyd edək ki, ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Respublikada 10 Milli Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.

Gülər Seymurqızı

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR