Azərbaycanda bəzi mallar ucuzlaşa bilər -

“Dollara nisbətdə avro ucuzlaşdığından Avropadan aldığımız malların qiyməti də Azərbaycan üçün ucuzlaşıb”.

Kanal.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov avronun dollar qarşısında ucuzlaşaraq, 1,22-dən, 1,16 dollara düşməsi və bunun manata təsirləri barədə danışarkən deyib.

Ekspert qeyd edir ki, adətən böhranlı vəziyyətdə avroya etibar azalır, dollara etibar isə yüksəlir:

“Əslində bir çoxlarının dediyinin əksinə olaraq dollar bahalaşmayıb, sadəcə avro ucuzlaşıb. Hansısa bir böhran şəraitində həmişə ABŞ dollarına etibar daha çox olur. Nəinki imkanlı insanlar, dövlətlər belə böhranlı zamanlarda pul vəsaitlərini yerləşdirmək baxımından ABŞ-ı daha təhlükəsiz ölkə qismində görürlər. Bu fonda da daha çox pul dollarda yerləşdirilir. Avropada isə hər zaman özünü göstərən pərakəndəlik pandemiya ilə bağlı yaşanan böhran dövründə daha da artır. Avropa Birliyində vahid idarəetmə zəifdir. O baxımdan böhran dövründə avro ilə vəsait saxlamağa əminlik daha da azalır. Adətən böhran dövründə qərarların daha çevik verilməsi vacibdir. Avropa Birliyində isə bu yoxdur. Nəticədə investorlar üçün avro ilə iş görmək qeyri-cəlbedici olur. Bu kimi səbəblərdən bəzi investorlar indiki böhran dövründə avroda olan aktivlərini dollara çevirir”.

Həmsöhbətimizə görə, mövcud tendensiyanın Azərbaycan manatına elə də ciddi təsiri olmayacaq:

“Çünki Azərbaycana maliyyə əsasən neft satışından gəlir ki, “qara qızıl” da dollarla satılır. Belədə avroda olan hansısa aktivimizi dollara çevirmirik. Bu baxımdan dolların bahalaşmasının manata heç bir təsiri yoxdur. Əksinə, avro ucuzlaşdığından Avropadan aldığımız malların qiyməti Azərbaycan üçün ucuzlaçıb. Çünki belə vəziyyətdə nefti satıb aldığımız dolları Avropadan nəsə almaq üçün avroya çevirəndə, daha çox avro əldə edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR