Tələbələrin neçə faizinin "COVID" pasportu var? - SORĞU

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliyə əsasən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.

Metbuat.az trend-ə istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələri tələbələrin COVID-19 pasportu, immun sertifikatı və ya əks-göstəriş sertifikatının yoxlanması üçün müəyyən sistem yaradıb.

Lakin hal-hazırda maraq doğuran məqamlardan biri budur ki, universitetlərdə COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr neçə faiz təşkil edir?

Bu mövzu barəsində Trend-in sorğusunu cavablayan Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, Operativ Qərargahın qərarlarına uyğun olaraq ənənəvi dərslərdə iştirak üçün yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportu və ya immun sertifikatı tələb olunub:

"Bildiyiniz kimi, Azərbaycan Texniki Universitetində dərslər həm ənənəvi həm də onlayn formada təşkil edilib. Tələbələrin 91 faizi qeyd olunan sənədləri təqdim edib. Tələbələrin 9 faizi isə COVID-19 pasportu və ya immun sertifikatı təqdim etmədiyi üçün onlar universitetə ənənəvi dərslərə buraxılmır. Lakin onlayn mühazirələrdə iştirak edirlər. Qeyd olunan sənədləri təqdim etməyən tələbələrlə dəfələrlə əlaqə saxlanılıb və Operativ Qərargahın qərarı onların diqqətinə çatdırılıb."

Azərbaycan Dillər Universitenin (ADU) Mətbuat katibi Ağa Cəfərov qeyd edib ki, universitet də təhsil Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin mövcud təlimatlarına uyğun olaraq təşkil edilir:

"18 yaşdan yuxarı tələbələrin mütləq şəkildə COVİD-19 pasportu və ya immun sertifikatı olmalıdır. Vaksin olunmayan tələbələr universitet binasına buraxılmır. Hal-hazırda isə hər hansı bir narahatlıq doğuran səbəb qeydə alınmayıb."

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AZMİU) Mətbuat və informasiya şöbəsinin müdiri Nəcibə Mirzəyeva isə həmçinin bildirib ki, universitetdə təhsil alan 18 yaş və üstü tələbələrin ümumi sayı 5116-dır:

“Əlimizdə olan son statsitikaya əsasən 5116 tələbədən 686 tələbə peyvənd olunmayıb. 96 tələbə koronavirusa yoluxduğu üçün vaksinasiya prosesində iştirak edə bilməyib. 87 tələbə isə əks-göstəriş sertifikatına sahibdir.”

Qeyd edək ki, sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı