Ermənilər Azərbaycan bayrağı altında yaşamaq istəmirlərsə, başqa ölkəyə

“Hər bir millət, dövlət üçün bəlli bir müharibə yaxud da post müharibə dövrü ilə bağlı anlayışların da dəyişilməsi gözləniləndir. 44 günlük müharibə bizim qələbəmizlə başa çatsa da elə ən böyük zərbəsini də bizə vurub”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq millət vəkili Fazil Mustafa verib. Müsahibimiz deyir ki, artıq üzərindən bir il ötən müharibə Ermənistan ərazisində baş verməyib, yəni müharibənin faciəsini ən çox azərbaycanlılar yaşayıb. Ermənilər isə müharibənin fəlakətini ona görə yaşayıblar ki, iddiaları başlarından böyük olub. Fazil Mustafa qeyd etdi ki, ermənilər başqasının torpağını işğal edərək orada dövlət qurmaq istəyiblər. Bu da ki, əslində onların arzularının qurbanı olduğunun göstəricisidir. Azərbaycanın müharibədə qazandığı qələbədən sonra burada yaşayan ermənilərin də müəyyən dərəcədə gələcəyi ilə bağlı da öz təkliflərini irəli sürdüyünü vurğulayan Fazil Mustafa bildirdi ki, bu təkliflərin də başında birgəyaşayış imkanları nəzərdə tutulur.

Deputat Fazil Mustafa bu qurumla bağlı SƏRT SÖZLƏR:

“Ermənilər azərbaycanlıları elə bir zülmü, vəhşiliyi, faciəni miras qoyublar ki, bu xalqla ümumiyyətlə, birlikdə yaşamağın mümkünsüzlüyünü bəri başdan söyləmək olar. Amma hər birimiz anlayırıq ki, tarixin müəyyən səhifələrini arxada buraxmasan, gələcəyi qurmaq mümkün olmayacaq. Ona görə də bu ərazidə ermənilər də gələcəyin qurulması naminə hansısa bir şəkildə bir işartı yaxud təklif ortaya qoyarlarsa bu onların ancaq xeyrinə ola bilər. Azərbaycanlılarla ermənilərin əslində müəyyən bir hüquq qaydaları çərçivəsində Azərbaycanın suverenliyi daxilində yaşamaları mümkündür. Burda təbii ki, hansısa bir əlahiddə statusdan söhbət gedə bilməz. Azərbaycan sadəcə ermənilərin müəyyən mədəni komponentlərinin inkişafı istiqamətində başqa azsaylı xalqlara yaratdığımız şəraiti onlara da yarada bilər. Bizim belə bir öhdəliyimiz olacaqdır və bunu da edəciyik”.

Millət vəkili onu da qeyd etdi ki, Qarabağın quruculuğu prosesində də ermənilər yaşadığı ərazilərdə inteqrasiya olub müəyyən dərəcədə ərazilərdə qalmaq, yaşamaq istəyirlərsə, mütləq bəlli bir çərçivəni tanımalıdırlar. Çünki bu çərçivəni, o qaydaları tanımadan burada hər hansı bir erməni icmasının mövcudluğu uzun müddət mümkün ola bilməz. Əvvəl-axır onlar seçimlərini etməlidirlər.

“Kim ki, Azərbaycan bayrağı altında mövcud olmağı özünə sığışdırmırsa, tərk edib hansı bayrağı qəbul eliyirsə o ölkənin ərazisinə getməlidir. Amma kimlər ki, bunu qəbul edirsə, onlar üzərində də zorakılıq, basqı, psixoloji təzyiq olmamalıdır. Onlar da sadə, rahat formada Azərbaycan hakimiyyətinin iradəsi altında mövcudluğunu sürdürməlidirlər. Bu əslində sadə və mümkün bir konsepsiyadır. Bunu həyata keçirmək üçün sadəcə ermənilərdə bir təftiş, keçmişin səhvlərindən uzaqlaşmaq iradəsi olmalıdır. Azərbaycan tərəfindən buna qarşı hansısa bir neqativ hal müşahidə olunmayacaq və biz Qarabağın quruculuğunda da birlikdə iştirak edib, əvvəllər insanların yaşadığı ərazilərə qarşılıqlı şəkildə köçürülməsi və orada təhlükəsizliyin təmin olunmasını da gerçəkləşdirə bilərik. Çünki bunlar olmasa biz gələcəkdə müəyyən dərəcədə Qarabağda yeni bir konfliktin baş verməsini istəyənlərin bu arzusunun gerçəkləşməsinə şərait yarada bilərik. Bu fürsəti doğru dəyərləndirmək ən çox ermənilərdən asılıdır. Onlar bununla razılaşsalar, gələcəkdə Azərbaycanla birlikdə güvənli yaşamları daha real olacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR