Hadrut uğrunda savaşda şəhid olan Anar Cavadzadə -

Çağdaş tariximizə müstəqil Azərbaycanın Vətən müharibəsi adı ilə yazılan Qarabağ savaşının xalqımızın möhtəşəm qələbəsi ilə başa çatmasından keçən həftələr, aylar bu zəfərin misilsiz bir qəhrəmanlıqla qazanıldığını hər birimizə getdikcə daha dərindən anladır. Bu qələbə, həqiqətən, son 30 ildə başqa heç bir yolla mümkün olmayan, illər keçdikcə bir az da mürəkkəbləşib dolaşığa salınan Qarabağ münaqişəsinə yalnız xalqımızın öz iradəsi, gücü və qeyrəti ilə son qoyulmasının təntəntəsidir.

Amma bu zəfərin qazanılması Vətən üçün heç də rahat başa gəlməmişdi. 44 günlük Vətən müharibəsində Azərbaycan 2907 şəhid verdi. Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.

Metbuat.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Anar Cavadzadədir.

Qəhrəman igidimiz 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açıb. O, 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhərin məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanan şəhidimiz hərbi xidmət müddəti qurtardıqdan sonra Bakıya qayıdaraq burada bir çox sahələrdə çalışıb. Anar, 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülmüşdür.

Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanır. Topçu kimi hərbi əməliyyatlarda vuruşaraq, Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər gedişatında 17 oktyabr 2020-ci ildə şəhid olub. Anar Cavadzadə İmişli rayonunun Telişli kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə də təltif edilib.

Dünən isə şəhidimizin adına əbədiləşdirilən xatirə bulağının açılış mərasimi olub.

Tədbirdə şəhidin ailə üzvləri və ziyalılar iştirak ediblər. Qeyd olunub ki, öz canları ilə Vətənimizi bütövlüyünə qovuşduran igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Çıxış edənlər Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyiblər. Allah bütün şəhidlərimizi rəhmət etsin!

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR