Dövlət Komitəsi: "Sumqayıtda yeni tikilən qəsəbə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə veriləcək"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində 1242 ailəlik qəsəbə tikilməkdədir.

Komitədən Metbuat.az-a verilən məlumata görə, tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub.

Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR