Milli Xalça Muzeyinin eksponatları Ermitajda sərgilənəcək

Noyabrın 13-dən Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi öz qapılarını ictimaiyyətə açacaq.

Bu barədə Metbuat.az-a Milli Xalça Muzeyindən məlumat verilib.

Bildirilib ki, layihə Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, “Cartier” fransız Zərgərlik-Saat Evinin dəstəyi ilə keçirilir.

Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Belə ki, muzey ziyarətçiləri taktil üsulla dünya mədəni irs nümunələri ilə yeni tərzdə, yaxından tanış olacaqlar.

Sərgidə Dövlət Ermitajında qorunub saxlanılan dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçasının Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan inklüziv fraqmentləri təqdim olunacaq. Görmə imkanları məhdud şəxslər fraqmentlərə toxunmaqla onu təsəvvürlərində canlandıra biləcək, ornamentlərinin formasını hiss edəcəklər.

Sərgidə “Pazırıq” kurqanında tapılmış keçə məmulatlarının relyefli replikaları, Pəncikəndin məşhur freskaları əsasında hazırlanmış barelyeflər və onların animasiya edilmiş süjetləri, Rembrandtın “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli və s. nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin inklüziv layihəsinin dünya şöhrətli muzeydə tətbiqinə 2020-ci ildə Dövlət Ermitajı ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu əsasında başlanılıb. Sərgi dekabrın 12-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR