Bakı, 29 may, AZƏRTAC
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində badminton və voleybol idman növləri üzrə zona yarışları keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı Slavyan Universitetinin idman zalında keçirilən badminton yarışına Bakı şəhərinin rayonları üzrə 100 nəfərədək 7-17 yaş arası məktəbli qız və oğlan qatılıb.
Yarışın nəticələrinə əsasən, komanda hesabında birinci yeri Yasamal, ikinci yeri Xətai, üçüncü yeri Binəqədi rayonunun komandaları tutub.
Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında məktəblilər arasında voleybol idman növü üzrə zona yarışı olub. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin rayonları üzrə 12 komanda qatılıb.
Komanda hesabında birinci yeri Səbail, ikinci yeri Suraxanı, üçüncü yeri Xəzər rayonunun komandaları tutub.
Qaliblər nazirliyin diplom və medallarına layiq görülüblər.