x
Loading...

Lirənin çökməsi Türkiyə iqtisadiyyatını böhrana sürükləyir - MÜHÜM AÇIQLAMA

Dollar türk pulunu sıxışdırmaqda davam edir. Lirə hazırda ən minimum səviyyəsini yaşayır. Belə ki, Türk lirəsi noyabrın 24-də Bakı vaxtı ilə saat 12:00-da dollar 12.95 TL olub.

Metbuat.az xəbər verir ki, lirənin hazırki vəziyyəti ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev düşünür ki, Türkiyə məzənnə hesabına tədiyə balansını nizama salıb. 2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək görərik ki, cari hesablar balansının kəsirini $28,3 milyarddan $11,8 milyarda salıb. İqtisadçı-ekspert deyir ki, Türkiyə buna mal və xidmətlərin ixracının artırması hesabına nail olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracını 58,5%, xidmət ixracını 60,5% artırmağa müvəffəq olub. Bu müddətdə idxal da (uyğun olaraq 22,7% və 34,4%) artıb.

"Qeyd edim ki, Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb. Birbaşa, portfel və digər investisyaların əhəmiyyətli artması hesabına maliyyə hesabına 6,5 milyard dollarlıq kəsir 31 milyardlıq profiitlə əvəz olunub. Nəticədə tədiyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda bu ilin müvafiq dövründə 32,6 milyard dollar artıb. Görünür, Türkiyə hökumətini hazırki addımı atmağa həvəsləndirən də bu göstəricilərdir. Yəni ixracı stimullaşdırmaq və valyuta ehtiyatlarını qorumaq. Ancaq bu addım qısamüddətli effekt verə bilər və orta-uzun müddətli dönəm üçün fəsadlar yarada bilər və yaradır da. Makroiqtisadi sabitliyin olmaması, xüsusilə də yüksək inflyasiya əhalinin sosial vəziyyətini pisləşdirməklə yanaşı biznes üçün də problemlər yaradır. Nəzərə almaq lazımdır ki, Türkiyənin tekstil sənayesinin xammal idxalından asılılığı var".


Samir Əliyev bildirdi ki, ucuz lirə həm də xammalı bahalaşdırır və deməli, ixraca da artım təsiri göstərir. Əgər ölkədə inflyasiya səviyyəsi milli valyutanın ucuzlaşma səviyyəsinə yaxındırsa və ya yüksəkdirsə, bu halda milli vayutanın real effektiv məzənnəsinin aşağı düşmə səviyyəsi zəifləyir və ixracın rəqabət qabiliyyəti aşağı düşür.

"Bank sektorunun dollarlaşması isə gələcəkdə makroiqtisadi sabitliyi sarsıdır. Pandemiya dövründə qlobal bahalaşma fonunda qiymət artımının minimuma endirilməsi əvəzinə artıma dəstək tədbirlərinin görülməsi Türkiyəni yeni iqtisadi böhrana sürükləyir" deyə Samir Əliyev fikirlərini yekunlaşdırıb.

İqtisadçı ekspert Elman Sadıqov lirənin ucuzlaşması ilə bağlı düşünür ki, Türkiyə Mərkəzi Bankının son qərarından sonra sürət amili nəzərə alınmadı və Türkiyə 10 TL həddindən sonra zamanla yarışacaq. Bu sürət qəzaya səbəb olacaq sürətdir. Son bir ildə lirənin tədricən dəyərdən düşməsi ilə ixracın artırdığını qeyd edən Elman Sadıqov vurğuladı ki, Türkiyə ixracda rekord ardına rekord təzələdi.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”

"Hökumət bu amildən çox həvəsləndi və 1 ilə gedilən yolu niyə 4-5 aya getməyək dedilər. Bu isə mümkün deyil. Türkiyə növbəti səhvə gedərək dolların alışı ilə bağlı ciddi limitlər tətbiq edərsə vəziyyəti daha da çətinləşdirəcək. Dollara inzibati yolla müdaxilə dəm qazı kimidir. Adamı (iqtisadiyyatı) meyxoş edər, amma hiss etmədən öldürər. Faizlərin yenidən 18-19 həddinə qaldırılaraq dollar/tl kursunun 10-12 arasında qalmasının hökumətin prioriteti elan etməyin hazırki vəziyyətdə ən məqbul yol olduğunu, riskləri yumşaltmağın mümkün variantlarından biri olduğunu düşünürəm. Türk lirəsinin dəyər itirməsi sürəti çox təhlükəli və qəza ilə nəticələnəcək sürətə bənzəyir" deyə E.Sadıqov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR