Qutudan çıxan "sürpriz": Yeni il hədiyyələri alarkən nəyə

Pandemiyanın caynağından xilas olmağa cəhd etdiyimiz 2021-ci il səkkiz gündən sonra tarixə qovuşacaq. Qarşıdan 2022-ci pələng ili gəlir. Bəs onun gəlişi ilə keçiriləcək “Yeni il” bayramında yaxınlarınıza, sevdiklərinizə cibinizə uyğun seçdiyimiz hədiyyə qutularının içərisində bizi hansı surprizlər gözləyir?

Qiymət baxımından cibimizə uyğun görünən hədiyyə qutularının içərisindəki qidalar uşaqlar üçün nə qədər təhlükəsizdir?

Bu gün istənilən marketdə qiyməti müxtəlif ölçüdə Yeni il hədiyyələri satılır. Belə hədiyyələrdən birini alıb içinə baxdıqda orada rəngli görünən şirniyyatların arasında bir ədəd belə faydalı qida olduğunu görmərik. Bu barədə Metbuat.az-a danışan qida üzrə baş mütəxəssis - ekspert Ağa Salamov bildirdi ki, qutuları cəlbedici olan bu hədiyyələrin gözəlliyi aldadıcı olub.

“Bayrama bir neçə gün qalmış, marketlər tez bir zamanda fürsətdən istifadə edib hədiyyə qutularında vaxtı keçmiş məhsulları satışa çıxarırlar. Bütün marketlərə şamil olunmasa da amma əksər marketlər müəyyən hiylələrə əl atırlar. Onlar psixoloji olaraq qutunu elə düzəldirlər ki, alıcılar gözəlliyinə aldanıb, həmin məhsulları alıb evlərinə, uşaqlarına aparmaq istəyirlər. Bildiyimiz kimi, əksər hallarda vaxtı keçmiş peçeniyalar, şəkərləmələr, şirniyyatların yanında uşaqlar üçün çox vaxt plastik oyuncaqlar qoyulur. Ümumiyyətlə kimyəvi zəhərlənmənin baş vermə ehtimalı səbəbindən bu oyuncaqların qida məhsulları ilə yanaşı qoyulması düzgün deyil. Adətən hədiyyə qutularının çoxunu açmaq olmur yəni üstünə elə etiketliyirlər ki, onu açanda üzərindəki etiket cırılır. Bu da bir marketinq hiyləsidir. Hər bir istehlakçının hüququ var ki, aldığı hədiyyəni içinə baxıb araşdırsınlar”.

Ekspert onu da bildirdi ki, əgər valideynlər düşünürsə, mağazada satılan hədiyyələr uşaqların sağlamlığına ziyandır o zaman onlar bu hədiyyələri özləri də evdə hazırlaya bilərlər.

“Mən düşünürəm ki, valideynlər artıq bunu başa düşməlidir. Əgər uşaqlarının sağlamlığını düşünürlərsə fərdi olaraq öz evində uşağı üçün şirniyyatlar peçeniyalar hazırlaya bilərlər. Çünki, öz evində əllərindən çıxmış məhsul daha keyfiyyətlidir, uşaqlar üçün də heç bir zərəri yoxdur. Amma mağazada satılan, marqarin kimi trans yağlarda hazırlanan şirniyyatlar uşaqların orqanizmini zəiflədir. Həmin qidalar bədən temperaturunda ərimir qaraciyərə yüklənir. Nəticədə azyaşlılarda artıq kiloluluq, şəkər xəstəliyi kimi ciddi problemlər yaranır. Buna görə də düşünürəm ki valideynlər, ancaq ev şəraitində sağlam qida məhsulları hazırlayıb uşaqları üçün yeni il hədiyyəsi qutusuna doldurub yolka ağacının altına qoysalar, daha çox maraqlı olar”.

AQTA-dan Metbuat.az-a bildirdilər ki, yeni illə əlaqədar satışa çıxarılan hədiyyəlik qutularla bağlı həm istehsalçıların, həm də istehlakçıların diqqət etməli olduğu məqamlar var:

"İstehlakçılar ilk növbədə bilməlidir ki, yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil. Ona görə də vətəndaşların hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur".
AQTA-dan o da qeyd olundu ki, hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

"Məhsullardan götürülən nümunələr Agentliyin müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR