​Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis təyin edilib

Azərbaycan Respublikası Prezidenti 23 dekabr 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis təyin edilməsi haqqında sərəcam imzalayıb.

Metbuat.az xəbər verir ki, sərəcamla Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məmməd Abbasbəyli 1975-ci ildə Gəncə şəhərində anadan olub. Xəzər Universitetində beynəlxalq əlaqələr, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə ali təhsil, həmçinin ABŞ-nin Perdyu və Corc Vaşinqton universitetlərində hüquq üzrə magistr dərəcəsi alıb.

2000-ci ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının həqiqi üzvüdür.

Əmək fəaliyyətinə 2000-ci ildə Nyu-York şəhərində yerləşən “Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2004-2008-ci illərdə bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində işləyib.

2009-2014-cü illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin baş icraçı direktoru olub. Eyni dövrdə mobil və stasionar rabitə və telekommunikasiya, xarici qızıl və əlvan metal hasilatı, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin direktorlar şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə ADA Universitetinin Biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olub.

2019-cu ildə iqtisadiyyat nazirinin müşaviri təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilib. Bununla yanaşı, 2020-ci ildə İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurasının və Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.

Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR