Facebook, Tükəzbanın çılpaq fotoları və çevriliş silahı

Facebook, Tükəzbanın çılpaq fotoları və çevriliş silahı
09:17 19 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük və populyar sosial şəbəkəsinin banisi kimi təqdim edilən Mark Zukerberq kimdir? Facebook-un rəhbəri, internetin imkanlarını və sosial şəbəkənin yaratdığı üstünlükləri Yer kürəsinin hər sakininə çatdırmağa can atan insan?
 
Qərb mediası Facebook-u dünyanın müxtəlif yerlərindəki insanlarla, bir-birlərinə çox yaxın fərdlər arasında az qala ideal kommunikasiya vasitəsi, Zukerberqi isə az qala yeni məsih kimi qələmə verirlər.
 
Halbuki Facebook sosial şəbəkəsi ilə bağlı gerçək heç yaxşı deyil, çünki bu sosial şəbəkə mümkün qədər çox pul qazanaraq gəlir əldə etməyə çalışan korporasiya çərçivələrindən çoxdan çıxıb.
 
Facebook indi ABŞ-ın xüsusi xidmət strukturlarının effektiv, güclü silahına çevrilib. İş o yerə çatıb ki, sosial şəbəkədə son yenilənmələrdən sonra istifadəçiyə "məsləhət görülən paylaşımlar" adı ilə bilavasitə Qərbin maraqlarını təmin edən informasiyalar, məlumat, audio və videomaterialların yayılması təklif olunur.
 
Ağ Evin rəsmi siyasəti ilə o qədər də uzlaşmayan statuslar, paylaşımlar, fotolar və videolar istifadəçinin əsla sezmədiyi halda arxa plana düşür.
 
ABŞ Milli Elmlər Akademiyasının (National Academy of Sciences of the United States of America, PNAS) bir qrup alimi Facebook sosial şəbəkəsinin iş prinsiplərini tədqiq edəndən sonra hesabat hazırlayıb. Hesabatda bildirilr ki, bu sosial şəbəkənin "xəbər divarı" və ya informasiya axını adlanan servisi istifadəçilərdə onlardan asılı olmayaraq, bilaixtiyar emosiyalar formalaşdırır.
 
ABŞ-ın hakimiyyət dairələri ölkənin xüsusi xidmət strukturlarının tam nəzarətindəki Facebook-dan məharətlə istifadə edirlər. Məsələn, Birləşmiş Ştatlarda keçirilmiş son prezident seçkilərində vətəndaşların seçki məntəqələrinə daha aktiv yollanmaları və seçkilərdə fəal iştiraklarının təminatı üçün Facebook-dan bir alət kimi yararlanmışdılar.
 
ABŞ-dakı seçkilər Yaxın Şərq və Şimali Afrikadakı "ərəb baharı" adlanan üsyanlar, çevrilişlər, inqilablar dalğası ilə müqayisədə az qala uşaq oyuncağı təsiri bağışlayır.
 
Facebook-un əməkdaşlarından biri adının çəkilməməsi şərti ilə Time jurnalına verdiyi açıqlamasında belə "inqilab"ların hazırlanma texnologiyalarından bəhs edib: "Facebook-u az qala humanist sosial şəbəkə kimi tanıyırlar. Belə deyil. İstənilən ölkənin informasiya müstəvisinin, siyasi məkanının aktiv hissəsinin ələ keçirilməsi üçün mobil qurğular üçün nəzərdə tutulmuş pulsuz əlavələr və proqramlar vasitəsilə gərəkli informasiyanı yaymaq lazımdır. Hədəfə götürülmüş ölkədə mobil qurğular, yəni smartfonlar və planşet kompüterləri vasitəsilə internetə qoşulanların sayı əhalinin apatik qismi ilə müqayisədə çoxdursa, onda istifadəçilərin özü bizim gərəkli saydığımız və sızdırdığımız məlumatı Facebook-da paylaşmağa başlayacaqlar. İstifadəçinin paylaşdığı bu məlumat onun tanışları və dostlarında şübhə doğurmağı üçün virus yayılması effekti yaradır".
 
Ekspertlər hesab edirlər ki, ABŞ-ın Facebook və ya digər sosial şəbəkələr vasitəsilə müxtəlif dövlətlərin daxili işlərinə kobud müdaxilə etmələrinin qarşısının alınması bu və digər ölkələrdə fərdi, lokal sosial şəbəkələrin yaradılmasıdır.
 
Rusiya, Çin, Fransa, İran, Yaponiya kimi ölkələr bunu anlayırlar.
 
Əgər Çin ərazisində Facebook, Twitter, İnstagram və s. yasaqlanaraq, onların yerli analoqları yaradılıbsa, Rusiya fərqli taktikanı seçərək yerli istifadəçilər arasında Vkontakte və Odnoklassiniki kimi sosial şəbəkələrin Facebook-la müqayisədə daha üstün mövqelər tutmasına nail olub.
 
Rusiyalı kompüter texnoloqlarının dediklərinə görə, onlar Facebook-un bütün virtual informasiya məkanını ələ keçirməsini gözləməyərək qabaqlayıcı, preventiv addımlar atıblar.
 
Və deyəsən, uduzmayıblar.
 
Türkiyənin məşhur stand-ap ustası, komiki Cem Yılmaz "Aman, Facebook bizi izləyir!" deyənləri lağa qoyaraq "Axı, ay Tükəzban, sənin fotoların və sarsaq statusların kimin nəyinə gərəkdir" demişdi. Təbii, Tükəzbanın çılpaq fotoları sosial şəbəkədə olmaya da bilər və o da şübhəsizdir ki, Tükəzbanın çiçəkli, böcəkli, qoyunlu və göyərçinli statusları özündən, bir də özü kimilərindən savayı kimsəyə maraqlı deyil.
 
Amma bu, Facebook-da istifadəçilərin izlənmədiyi anlamına gəlməz.
 
Belə mexanizmlər var və onların mövcudluğunu danmaq nadanlıq səviyyəsində sadəlövhlük, Novruzəli sindromunun təzahürü olardı.
 
Xatirinizdəmi, Cəlil Məmmədquluzadənin ölməz qəhrəmanı Novruzəli poçt qutusunun qırağında çöməlib oturmuşdu və məktubu aparan poçtalyonu döydüyünə görə də "qoduqluğa" salınmışdı?
 
Facebook virtual məkanda sosial idarəetmənin, kütlənin maraqlarının nəzərə alaraq fərdin istəklərinin və üstünlük verdiyi məqamların aşkarlanması üçün çox rahat vasitədir. Bu sosial şəbəkənin proqram kodlarının toplusu istifadəçinin baxdığı filmlər, yazdığı statuslar, olduğu yerlər və paylaşdığı fotoları, habelə yaşadığı yeri nəzərə alaraq ona informasiyalarla yanaşı, reklamları da təklif edir.
 
Türkiyədəki Tükəzbana Mayamidəki daşınmaz əmlak agentliyinin, Mayamidəki Rebekkaya da İstanbuldakı çayxananın reklamı göstərilmir.
 
Reklamların belə seçiminin ən primitiv prinsipi "geotargetinq"dir ki, bütün axtarış servisləri, sosial şəbəkələr bəhs etdiyimiz prinsip əsasında istifadəçilərlə "əks əlaqə" qururlar.
 
İstifadəçilərin sosial şəbəkədəki aktivlik və ya passivliyindən, onların fəaliyyətindən bəhrələnən Facebook bu zaman "Skinner qutusu" adlanan prinsipdən, yəni operant seçimdən yararlanır.
 
Həmin sosial mühəndislik metodları isə inkişaf etmiş ölkələrdə yasaqdır. Avropa Birliyinin Google və Facebook ilə sürəkli "dava"larının səbəbi də vətəndaşlarla bağlı "məhrəm" informasiyalardan onların xəbəri olmadan istifadə olunması, insanların sosial şəbəkələrdəki fəaliyyətlərinin istismar edilməsidir.
 
Sosial şəbəkələr indi kütlələrə emosional təsir edərək böyük miqyaslarda əməliyyatlar reallaşdırırlar.
 
Az öncə yazdığım kimi, 2012-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərində Facebook-un xəbər lentlərindəki manipulyasiyalar vasitəsilə 2 milyon amerikalını seçkilərə qatılmağa sövq etdiyini unutmayaq.
 
ABŞ-ın maraqlarının təminatçısı rolunu oynayan Facebook Ağ Evdən göstərişlər aldığını gizlətmir. İndisə bəlli olub ki, Birləşmiş Ştatların dövlət departamenti Facebook-u 4 ildən bəri maliyyələşdirirmiş.
 
Daha bir misal. Təsəvvür edək ki, hər hansı adamın Facebook-da 1500 "dost"u var. O, sosial şəbəkənin xəbər lenti, yəni "News Feed"-i sayəsində profilində ən yaxşı halda 300 nəfərin paylaşımlarını, statuslarını görəcək.
 
Yerdə qalan 1200 nəfərin yazdıqlarını, çəkdiklərini və gördüklərini isə Facebook "diqqətə layiq olmayan" sayır.
 
Nədən, hansı prinsip əsasında, niyə - bəlli deyil.
 
"Like"ların sayına görə? Əsla, çünki xəbər lentində minlərlə "Like" toplamış statusla bahəm, bir "Like"ı da olmayan paylaşmalar olur.
 
İstifadəçinin üstünlük verdiyi, rəğbət bəslədiyi və ya daha tez, intensiv virtual əlaqədə olduğu insanların seçimi prinsipi ilə? Ağlabatan deyil, çünki hər birimizin xəbər lentində absurd reklamlardan tutmuş, yalnız virtual məkanda "dost" olduğumuz və əsla maraqlanmadığınız insanların paylaşmaları yer alır.
 
Facebook ötən ilin iyul ayında Zambiyada "İnternet.org" layihəsini gerçəkləşdirməyə başladı. Hindistanın "AirTel" mobil rağitə korporasiyasının yerli bölməsi olan yerli şirkət müştərilərinə telefon və smartfonlar vasitəsilə pulsuz internet təklif etdi.
 
Zambiyalılar sevinmişdilər.
 
Di gəl, Mark Zukerberqin "bütün dünyanın internetlə təmin etmək arzum var" şüarı ilə həyata keçirilən aksiyada "pulsuz internet" alan zambiyalılar yalnız Facebook-a və bu sosial şəbəkə üçün nəzərdə tutulmuş pulsuz proqram əlavələrinə daxil ola bildilər, vəssalam.
 
Facebook indi kütləvi şüara təsir, fərdin düşüncəsinin süni təşviq vasitəsidir.
 
Kimin və necə idarə etdiyini isə bir daha yazmaq istəməzdim.
 
Özünüz düşünün.
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR