Azərbaycanın qazandığı uğurlar milli təhlükəsizliyimizə töhfədir -

Hər bir dövlətin inkişaf prioritetləri onun milli maraqları ilə bilavasitə bağlıdır. İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirdi ki, qanunvericiliyə görə, respublikanın milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə, insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Yeganə Hacıyeva deyir ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.


“Dünyada dövlət maraqlarını həm aktiv, həm də passiv şəkildə müdafiə edən xalqlar var. Bu dövlətlərin coğrafi mövqeyi, aid olduqları regionlar, həmin regionların mövcud iqtisadi və siyasi münasibətlərdə rolu və mövcud qlobal iqtisadi münasibətlərinin tənzimlənməsi mövqeyi nəzərə alınmaqla, ölkələr passiv və aktiv şəkildə maraqlarını həyata keçirən dövlətlərə bölünürlər. Azərbaycan aktiv şəkildə dövlət maraqlarını müdafiə edən ölkələr siyahısına aiddir. Bunun üçün bir neçə xüsusi əsaslar var. Məsələ ondadır ki, Azərbaycan qlobal miqyasda iqtisadi maraqların iqtisadi münasibətlərə təsir etdiyi strateji keçid regionunda yerləşir. Azərbaycan bu siyasəti müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra qonşuları ilə münasibətlərdə mövcud olduğu regionun, dünyanın iqtisadi və siyasi həyatındakı təsirini nəzərə almaqla, bölgənin imkanlarını özünün milli maraqları və mövqeyinin möhkəmləndirilməsi istiqamətində aktiv şəkildə istifadə edib. Son on beş ildə dövlət olaraq maraqlarımızı məhz bu mövzular üzərindən möhkəmləndirmişik və bu proses davam edir”.

Müsahibimiz xüsusilə vurğuladı ki, 2021-ci ili bu mövzu üzərindən ən aktiv il olaraq adlandıra bilərik. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi müşahidə olundu.

“Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Nəticədə, Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu bir daha göstərir ki, Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət strategiyası öz uğurlu nəticəsini verdi. Regionun xarakteristikasını nəzərə alaraq atılan addımlar uzun illər sonra milli maraqlarımız kontekstində siyasi dividentlər qazandırdı. Post-pandemiyadan sonrakı mərhələni xarici siyasətdə Azərbaycan üçün dövlət və milli maraqlarının möhkəmləndirilməsi istiqamətində ən aktiv period hesab edə bilərik. Azərbaycan son üç il ərzində bir çox qlobal təşkilatlara ev sahibliyi etdi. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz dəhlizi” haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb. 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı ölkəmizin bu böyük beynəlxalq təşkilatda mövqelərinin daha da güclənməsində təsirini göstərəcək. Eyni zamanda, Prezidentin çıxışında qaldırılan məsələlər Azərbaycanın dünyada sülh və ədalətin təntənəsi üçün çaba göstərən dövlət olduğu barədə beynəlxalq ictimai rəy yaradacaq”.

Dünyada pandemiya ilə bağlı mübarizə istiqamətində Azərbaycanın bütün imkanlarından istifadə edərək qlobal səfərbərlik elan etdiyini xatırladan siyasi analitik qeyd etdi ki, bu səfərbərlik təkcə varlı ölkələr üçün deyil, həm də pandemiyadan, virusun yayılmasından əziyyət çəkən kasıb ölkələrə də aid idi. Azərbaycanın özünün rəhbərlik etdiyi məsələdə bu üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bütün proseslərdə təkcə öz maraqlarını deyil, təmsil etdiyi təşkilatların da maraqlarını təşviq etdi. Bu da ona etibar, inam və güvən formalaşdırdı.

“Qeyd etmək lazımdır ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Azərbaycan ”peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Azərbaycan Prezidenti bu problemi bir neçə dəfə yüksək tribunalarda qaldırıb. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında, BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır”.

Politoloq onu da bildirdi ki, Azərbaycan pandemiya dövründə Qarabağ konfliktini BMT-nin qətnamələri, beynəlxalq hüququn şərtləri əsasında öz xeyrinə dəyişdi. Bu addım Azərbaycanın regionlararası oyunçu kimi mövqeyini daha çox möhkəmləndirməklə bərabər, ölkəmizi nəinki öz regionunda gücləndirdi, həm də beynəlxalq səviyyədə hörmətini daha da artırdı.

“Azərbaycan yeni müasir müharibə şərtləri formalaşdıraraq dünyada bir ilkə daha imza atdı. Onu da qeyd edim ki, Azərbaycanın uğurlu xarici siyasəti müstəqillik tarixinin hər bir dövründə izlənilmişdir. Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət təkcə Azərbaycan üçün deyil, müasir dövrdə kiçik dövlətlərin regionlar arası bir oyunçuya çevrilməsi üçün nümunə tarixçəsidir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

6.3.4. İctimai və dövlət maraqlarının müdafiəsi;


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR