Rusiya - Ukrayna arasında müharibə təhlükəsi gözlənilmir -

"Ukrayna ətrafında yaxud da Rusiya və Ukrayna arasındakı mövcud gərginliyin davam etdiyi vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın nüfuzlu CBS telekanalının suallarını cavablandırıb. Rus diplomatın “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir" ifadəsi ilə Ukrayna sərhəddindənki 100 mindən artıq Rusiya ordusunun cəmləşməsi arasında ciddi ziddiyətlər görünməkdədir" .

Bu fikirləri Metbuat.az-a "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. Politoloq rusiyalı diplomatın öz açıqlamasında bir sıra vacib məqamlara toxunduğunu vurğulayaraq bildirdi ki, Antonovun verdiyi açıqlama zamanı iki ifadəsi diqqəti daha çox cəlb edir.



"Birincisi Antonov deyir ki, “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir". İkinci məqam odur ki, səfir əsas məsələnin hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanması olduğunu da vurğulayır. O zaman sual ortaya çıxır ki, bir aydan çoxdur ki, Ukrayna sərhədində olan rus ordusunun əsas niyyəti təlim keçmək olduğu halda niyə bu müddət ərzində təlimi keçirməyiblər? Deməli, burada Rusiya üç tərəfə mesaj vermək niyyətindədir.
Putin Ukraynaya demək istəyir ki, mən istəmədikcə sən müstəqil addım ata bilməzsən. İkincisi Rusiya lideri Qərbə bildirir ki, mənim sərhəddimə yaxınlaşdıqca yaxınlaşmaq istədiyiniz dövlətləri hədəf halına gətirirsiniz. Nəhayət üçüncü məqam odur ki, Putin beynəlxalq birliyə göstərir ki, mən müharibə istəmirəm, amma məcburi şəkildə məni müharibəyə cəlb edirlər".

Samir Hümbətov bildirdi ki, başda ABŞ olmaqla NATO dövlətlərinin bəziləri, xüsusilə də ABŞ, Böyük Britaniya və Kanadadan Ukraynaya silah tədarükü davam etməkdədir. Demək olar ki, bu tendensiya hər gün davam etməkdədir. Politoloq onu da vurğuladı ki, sözügedən dövlətlər Ukraynaya verdikləri silah-sursat dəstəyi barədə açıqlama verərkən bildirirlər ki, bunu etməkdə əsas məqsəd Ukraynanın müafiə qabiliyyətini Rusiya qarşısında artırmaqdır.

"Ümumiyyətlə Rusiya-Ukrayna arasındakı gərginlik, rus diplomatın açıqlamaları, Qərb ölkələrinin müharibənin hər an başlaya biləcəyi ilə bağlı açıqlama verməsi və s. məsələlər onu göstərir ki, burada əsas məqsəd Qərb və Rusiya tərəfi Ukrayna üzərindən öz məqsədlərinə çatmağı planlaşdırırlar. Əlbəttə ki, burada Ukrayna məqsədə çatmaq üçün vasitə hesab edilir. Fikrimcə, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsi gözlənilmir, baxmayaraq ki, Rusiya qoşunları Ukrayna sərhəddində cəmləşdirilib. Üstəlik də Belaruda Rusiya və Belarus qoşunları təlim keçir. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, əgər Ukraynaya hərbi müdaxilə edərsə, bu ona qarşı ciddi sanksiyalara gətirib çıxarar ki, nəticəsi Rusiya iqtisadiyyatı üçün yıxıcı ola bilər. Ona görə də hesab etmək olar ki, tərəflər arasındakı gərginlik ciddi toqquşmaya səbəb olmayacaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR