Ötən il tibbi xidmət göstərilən Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş, habelə YAŞAT Fondu tərəfindən Agentliyə yönləndirilmiş müraciətlərə əsasən 2021-ci il ərzində İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 124 055 tibbi xidmət göstərilib.

Agentlikdən Metbuat.az-a verilən xəbərə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 108 607-si ambulator, 15 448-i isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 8 544 şəxsin 7 685 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub.

İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (2 730), cərrahi sarğılara və tikişlərə qulluq (1 843), ümumi tibbi baxış (1 789), odlu silah və digər silah növləri tərəfindən törədilmiş yaralar (1 188) və cərrahi müdaxilədən sonrakı vəziyyətlər (1 136) ilə bağlı olub.

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya - ürəyin işemik xəstəliyi (796), essensial hipertenziya - yüksək qan təzyiqi xəstəliyi (463), xroniki posttravmatik baş ağrısı (411), ümumi tibbi baxış (197) və xroniki böyrək xəstəliyi (191) ilə əlaqədar olub.

Ötən il ərzində icbari tibbi sığorta vasitəsilə 290 nəfər müharibə iştirakçısı, 62 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 490 cərrahi əməliyyat icra olunub. Ümumilikdə 352 pasiyent üzərində icra olunan əməliyyatlar arasında partlayış və ya qəlpələrin səbəb olduğu zədələr (31), cərrahi müdaxilədən sonrakı vəziyyətlər (29), baş və boynun ikinci dərəcəli termiki yanığı (18), qasıq yırtığı (12) və qamış sümüyü cisminin sınığı (11) üzrə cərrahi xidmətlər üstünlük təşkil edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR