Əlillik dərəcəsi təyin edilən müharibə iştirakçılarının sayı açıqlanıb

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7969 şəxsə 15922 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2772 müharibə iştirakçısına əlillik və 5544 sosial ödəniş təyin olunub.

Cari ilin ilk rübündə “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatına da başlanaraq proses yekunlaşıb.

Bütün qeyd edilən sosial ödənişlərin vətəndaşların müraciəti olmadan və onların sənədlər təqdim etmələrinə ehtiyac qalmadan, elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği də həm 2021-ci ildə, həm 2022-ci ilin əvvəlindən əhəmiyyətli dərəcədə artırılıb.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 200 mənzil, postmüharibə dövründə isə 3200 mənzil verilib.

Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də davam edir. Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilinə minik avtomobili təqdim edib və bu günədək 7400 müharibə əlili avtomobillə təmin olunub.

Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 11 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 6,5 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib.

Bu ilin 1 aprel tarixinə “Məşğulluq marafonu”na 627 işəgötürən qoşularaq 4365 vakansiya təqdim edib və marafon üzrə artıq 2 minə yaxın şəxs işlə təmin olunub.

Həmçinin 8 minə yaxın şəxsə 23 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1337 müharibə əlilinə 16413 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram üzrə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.

Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 aprel 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR